AZ

Anton Krivotsyuk: “Belə klubu təmsil etdiyim üçün fəxr edirəm”

Cənubi Koreyanın “Daejeon” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “İnstagram” hesabında paylaşım edib.

Arena.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Cənubi Koreya çempionatında ötən gün başa çatan 2024-cü il mövsümünü dəyərləndirib:

“2024-cü il mövsümünün sonu. İş bitdi. Bunun nə qədər çətin olduğunu təsvir etmək asan deyil, amma birlikdə bacardıq. İl ərzində azarkeşlərin dəstəyi böyük idi. Növbəti mövsümə yaxşı hazırlaşacağıq. Birlikdə böyük hədəflərə çatmaq istəyirik. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan belə klubu təmsil etdiyim üçün fəxr edirəm”.

Xatırladaq ki, “Daejeon Hana Sitizen” geridə qalmış mövsümü 38 oyuna topladığı 48 xalla 12 iştirakçı arasında 8-ci pillədə başa vurub. Komanda 38 oyunda 12 qələbə qazanıb, 12 heç-heç edib, 14 məğlubiyyətə üzülüb.

Cənubi Koreya çempionatında 12 komanda mübarizə aparırdı. Sonuncu sıradakı “İnçeon Yunayted” (39 xal) aşağı dəstəyə düşüb. 10-cu yerdəki “Jeonbuk” (42 xal) və 11-ci olan “Daequ” (40 xal) isə pley-offda oynayacaqlar. “Ulsan HD” 72 xalla Cənubi Koreya çempionu olduğu halda, “Qanqvon” (64) gümüş, “Gimçeon” (63) bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Seçilən
17
arena.az

1Mənbələr