Dünyada, eləcə də ölkəmizdə hər il boşanmaların sayında kəskin artımın müşahidə olunması cəmiyəti sözün həqiqi mənasında narahat edən məsələlərdəndir.
Dünyanın müxtəlif ölkələrində ailə quran cütlüklərdən psixoloji test tələb olunur. Bununla gələcəkdə boşanmaların, intiharların, ailədaxili şiddətin qarşısı qismən alınır. Ölkəmizdə bu üsul tətbiq olunmasa da,
nikah pozulmalarının qarşısını almaq üçün bir çox məsələlər müzakirə olunur, addımlar atılır.
Belə ki, Azərbaycan Respublikasında 2025-ci il qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.
Bəs, aliment məbləğinin artılırması boşanmalara necə təsir edəcək? Bu, boşanmaların azalmasına və ya artmasına səbəb ola bilərmi?
Hüquqşünas Emil Qurbanov "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, aliment məbləğinin artırılması nikahların pozulmasının qarşısının alınmasına xidmət etmir, təsir də göstərmir. Onun sözlərinə görə, nikahların pozulmasının qarşısının alınması, boşanmaların sayının azaldılması üçün orta məktəblərdən başlayaraq ailə psixologiyası, milli-mənəvi dəyərlər mövzusunda fənlərin tədrisinə, ailə krizis mərkəzlərinin formalaşdırılmasına, habelə nikahdan öncə ailə hazırlıq mövzusunda təlimlərin təşkilinə və gənclərin bu təlimlərə yönləndirilməsinə ehtiyyac var: "Aliment məbləğinin minimum məbləğinin artırılması yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Təcrübə göstərir ki, şəxsin 18 yaşına çatması onun ailə qurması üçün yetərli təcrübə və dəyərlər sisteminə malik olmasının göstəricisi deyil. Ailənin məsuliyyətini, həyat yoldaşını seçərkən hansı dəyərlər əsasında qərar verməyi tərəflər idrak etmədən hiss və həyəcanla qərarlar verirlər ki. bunun da adını yanlışlıqla “sevgi” qoyurlar. Halbuki həmin hisslərin yaşama müddətti 4-6 aydır ki, bu mövzu psixoloqların fəaliyyət sahəsinə aid olduğundan, həmin hissədə onların məsələyə münasibət bildirilməsi daha faydalı olar".
Qeyd edək ki, alimentin minimum məbləği 2025-ci üzrə 246 manat müəyyən ediləcək, 2024-cü ildə bu məbləğ 235, 2023-cü ildə isə 220 manat idi.
Havar Şəfiyeva