AZ

Ağzına nə gəldi danışmır

Bu il oktyabrın 14-də "Sumqayıt" açıqlama yayaraq, yollarını ayırdığı Samir Abasovun yerinə Vaqif Cavadovu müvəqqəti olaraq baş məşqçi təyin etdiyini açıqladı.

Bu qərar bir qədər gözlənilməz oldu.

Axı, ona qədər Azərbaycan millisinin sabiq futbolçusunun məşqçi təcrübəsi yalnız "Sumqayıt"ın əvəzedici heyətindəki bir neçə aylıq işi ilə yekunlaşırdı.

Görünür, elə bu səbəbdən rəsmi açıqlamada da 35 yaşlı Cavadovun həmin vəzifəyə təyinatının "müvəqqəti" olduğu qeyd edilirdi. Bu mesajın mənası o idi ki, Cavadov yaxın gələcəkdə yüksək təcrübəsi olan başqa birisi ilə əvəzlənə bilər.

Vaqif Cavadovun rəhbərliyi altında "Sumqayıt" Premyer Liqada artıq 5 oyun keçirib. Həmin 5 oyundan 3-də isə komanda qələbə qazanıb. Gənc və hələlik yetərli məşqçi təcrübəsi olmayan biri üçün bu, uğurlu nəticə sayıla bilər. Düzdür, ümid etmək istərdik ki, bu gedişat Cavadovu gələcəkdə yaxşı məşqçi olmaq üçün daha səylə çalışmağa həvəsləndirəcək. Unutmayaq ki, Cavadovun məşqçi kimi öyrənəcəyi çox şey var.

İlk növbədə o, UEFA-nın PRO dərəcəsini almalıdır. İndi onun belə bir lisenziyası yoxdur və bu, Premyer Liqada çalışan istənilən məşqçi üçün çatışmazlıqdır.

Amma Vaqif Cavadov məşqçilikdə yenidir, hiss olunur ki, çox istəklidir, müasir futbolu daha yaxından öyrənməyə can atır. Media önünə çıxanda da məsuliyyətli davranır, kobud desək, ağzına nə gəldi danışmır, səviyyəsini qorumağa çalışan bir məşqçi kimi davranır.

Nəticələrə qayıtsaq, bəli, Cavadov bununla çoxlarını yaxşı mənada təəccübləndirməkdədir.

Düzdür, onun komandasının oyunu müzakirəyə açıq ola bilər. Yəni "Sumqayıt"ın oyununda müsbət dəyişiklərlə yanaşı çatışmazlıqlar da yox deyil.

Lakin necə deyərlər, ən yaxşı oyun tablodakı nəticədir.

Və biz nəticələrə baxanda geridə qalan 5 oyunda Cavadovun 3 qələbə qazandığını, 2 dəfə isə uduzduğunu görürük. Cavadovun məğlubiyyətləri ilk üçlükdə qərarlaşan 2 komanda ilə oyunda - "Turan Tovuz" (debüt matçı) və "Araz Naxçıvanla"la oyunlarda olub. "Səbail" və "Şamaxı" ilə görüşlərdə, eləcə də büdcəsinə və heyətinə görə "Sumqayıt"dan güclü olan "Sabah"la matçda komanda qələbə qazanıb. Müqayisə üçün qeyd edək ki, Samir Abasovun dönəmində "Sumqayıt" bu mövsümkeçirdiyi 9 oyunda yalnız 2 qələbə qazanmış, 1 matçda isə heç-heçə etmişdi (7 xal).

Cavadovun gəlişindən sonra isə komanda artıq 9 xal qazanıb və hazırda turnir cədvəlində 6-cı yerə yüksəlib. "Sumqayıt" 14 oyundan 16 xal toplayıb və bəzən jurnalistlər Cavadova artıq avrokuboklar barədə də suallar ünvanlayırlar. Lakin bu, eyforiyanın təsirindən də ola bilər. Hər halda Vaqif Cavadov üçün hər şey yeni başlayır, qarşıda onu və komandasını gözləyən güclü rəqiblər var. "Sumqayıt" bu mövsüm Cavadovun rəhbərliyi altında hələ "Qarabağ", "Zirə", özünə gəlməyə çalışan "Neftçi" ilə qarşılaşmayıb.

Amma istənilən halda geridə qalan 5 oyundakı 3 qələbə ötən mövsümlə müqayisədə heyəti xeyli zəifləmiş "Sumqayıt" üçün uğurlu nəticə sayıla bilər.

Lakin bu uğurla gedişatın daimi olması üçün qış fasiləsində heyət də gücləndirilməlidir (qol.az).

ELNUR

Seçilən
74
sportinfo.az

1Mənbələr