Yaponiyalı alimlər dəniz suyunda tamamilə parçalanaraq qida maddələrinə çevrilən plastik material hazırlayıblar. Bu, belə plastiklərin okeana düşdüyü halda tez bir zamanda ətraf mühit üçün təhlükəsiz komponentlərə çevrilməsi deməkdir.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "Science" jurnalı məlumat yayıb.
Bildirilib ki, material supramolekulyar polimerlərdən hazırlanıb. Belə bir struktur ona adi plastikdən daha möhkəm olmaq imkanı verir. Lakin duzlu suya düşdükdə asanlıqla parçalanır, zərərli mikroplastiklər yaratmır və qida maddələrinə çevrilir.
"Biz möhkəm, stabil, təkrar emal edilə bilən, çoxsaylı funksiyaları yerinə yetirə bilən və ən əsası mikroplastik əmələ gətirməyən yeni plastik növü yaratdıq" , - deyə tədqiqatın rəhbəri Takuzo Aida bildirib.
Alimlər əlavə ediblər ki, bu plastik materialın istehsalı ucuz, yaradılma texnologiyası isə olduqca sadədir.