AZ

Rəfail Becanov: “Kərimlinin nüfuzunu, ona bəslənən etimadı onlar da bilir…” 

“COP29 demək olar ki, öz məqsədlərinə nail oldu. İnkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildən çox davam edən danışıqlar, maliyyə hədəfinin 300 milyard dollara çatdırılması kimi mühüm məsələlər uğurla nəticələndi. Əvvəlcə “heç nəyə nail olunmadı” deyənlər indi də başqa manipulyasiyalar etməklə gündəmdə qalmağa çalışırlar.

COP29 ərəfəsində Azərbaycana qarşı təzyiqlərin tərkib hissəsi olaraq, dünyanın eyni mərkəzdən idarə olunan bir sıra media quruluşları Əli Kərimliyə xüsusi yer ayırdılar. Əli Kərimli də bundan həyacanlanıb iddia edir ki, nəhayət, blokadanı yardı. Söhbət hansı və necə bir blokadadan gedir? O blokada dediyini kim ona tətbiq etmişdi ki?” 

Bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.

Onun sözlərinə görə,  Əli Kərimli “internetimi kəsiblər” deyə-deyə hər gün müxtəlif sosial platformalarda çıxış edir:

“Bəlkə “Bir qalanın sirri”indəki Göygöz Kosanın sehirli çubuğu ilə sosial platformalara çıxır, “YouTube” kanallarında müsahibələr verir? Bizim bir gün internetimiz olmayanda, işimiz iflic olur, özümüzü ötən əsrin 80-ci illərindəki kimi hiss edirik. Əli Kərimli isə “internetim yoxdur” deyə-deyə “TikTok”-dan, “YouTube”-dan düşmür. Bütün dünyanı avam yerinə qoymaq budur.

İkincisi isə Əli Kərimiyə hər hansı xarici mediada çıxış etməyi kim qadağan etmişdi ki, indi 30 illik blokadanı yardığı üçün sevinir? Azərbaycan hakimiyyətini deyirsə, buna imkanı çatsaydı, heç indi də imkan verməzdi. Ya həmin medianı nəzərdə tutursa, deməli, onlar üçün indiyə qədər maraq kəsb etməyib. Demək, ortada yalan və növbəti manipulyasiya var”. 

R.Becanov deyib ki, Əli Kərimli indiyə qədər həmin media üçün maraqlı olmayıb: 

“Bunu özü də bilir. Çünki Əli Kərimlinin hansı sosial bazaya sahib olduğunu, xalq arasında nüfuzunu, ona bəslənən etimadı həmin media quruluşlarının mənsub olduqları ölkələr də, kəşfiyyat qurumları da, media quruluşları özləri də yaxşı bilirlər və Əli Kərimlini ona görə öz maraqlarından kənarda saxlayıblar. COP29 ərəfəsində isə Azərbaycana qarşı əks-təbliğatın tərkib hissəsi kimi Əli Kərimliyə yer ayırdılar və bu, beynəlxalq tədbirə qarşı təşkil olunmuş qarayaxma kampaniyasında ona ayrılmış funksiyanı yerinə yetirmək üçün idi.

Gültəkin Hacıbəyli xanım da bunu bəh-bəhlə paylaşır. Gültəkin xanımın 10 il Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi bu reallıqları bilməsi vacib idi.  Amma təəssüf ki, bilməyib və heç indi də bilmir. Həmin onun bəh-bəhlə təqdim etdiyi media quruluşlarının Əli Kərimliyə yer ayırması COP29 ərəfəsində Azərbaycana qarşı təbliatın tərkib hissəsi idi və Əli Kərimli də bu təbliğatın vintlərindən birinə çevrilmişdi.

COP29-un bitməsi ilə bu məsələlər də bitdi. Əli Kərimli yenidən unudulacaq və özünün dediyi həmin o blokadaya düşəcək…”

“Cebheinfo.az”

Seçilən
17
cebheinfo.az

1Mənbələr