AZ

“Biz nüvə hücumu həyata keçirməyə hazır idik” – Rusiyadan qaçan keçmiş zabitdən etiraf

“Ukrayna işğalının ilk günlərində nüvə bazalarına həyəcan siqnalı verilib və silahlar hücuma hazır vəziyyətə gətirilib. Biz nüvə hücumu həyata keçirməyə hazır idik”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyadakı nüvə bazalarının birində hərbi xidmət keçən, daha sonra oaradan qaçan Anton (ad şərtidir-red.) adlı keçmiş rus zabit “BBC”-yə müsahibəsində bildirib.

Anton 2022-ci ildə başlayan Ukrayna müharibəsinin ilk günlərini belə xatırladığını deyib:“Həmin gün bütün baza bağlanmışdı. Bazadan çıxışımıza iki-üç həftə qadağa qoyulmuşdu. Putin əmr verdi ki, bütün nüvə bazaları bir yerdə saxlansın. Bu, xüsusi hazırlıq səviyyəsi idi. Əvvəllər biz sadəcə sınaq məşqləri edirdik. Müharibə başlayan gün isə silahlar tamamilə hazır vəziyyədə idi. Nəzəri olaraq, nüvə hücumu həyata keçirmək üçün qüvvələrimizi havadan və dənizdən səfərbər etməyə hazır idik”.

Həftələrlə real dünya ilə əlaqəsinin kəsildiyini deyən Anton sözlərinə bu cür davam edib:“Biz ancaq Rusiya dövlət televiziyasına baxa bilirdik, bütün bunların nə demək olduğunu bilmirdim. Tapşırıqlarımı avtomatik yerinə yetirirdim. Biz müharibədə iştirak etməmişik, sadəcə nüvə silahlarını qorumuşuq. Bu yüksək xəbərdarlıq statusu iki-üç həftədən sonra ləğv edildi”.

"BBC" yazır ki, Anton bazanın  təhlükəsizliyinə cavabdeh şəxs olub. Onun ən vacib vəzifələrindən biri başqa heç bir əsgərin bazaya mobil telefon gətirməməsinə əmin olmaq idi. 

Rusiyanın nüvə silahlarının tam işlək vəziyyətdə olmadığına dair iddiaları rədd edən Anton bunun Qərb ekspertlərinin "absurd şərhi" olduğunu deyib. O, Rusiyanın böyük nüvə arsenalına sahib olduğunu bildirib.

"AzPolitika.info"

Seçilən
8
azpolitika.info

1Mənbələr