AZ

Azərbaycan-İran xüsusi təyinatlıları bölgədə hansı təhlükəyə qarşı hazırlaşır...

Image

Üzeyir Cəfərov: "İran ordusu ilə bizim ordumuz arasında heç bir oxşarlıq və ya ümumi cəhətlər mövcud deyil"

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

Sizcə, bu hərbi təlim nəyi ifadə edir, bu hansı ehtiyacdan keçirilir? Yəni İran ordusu elə bir mütərəqqi ordu deyil ki, bizim ordumuz nəyisə onlardan əxz eləsin...

Hərbi ekspert Üzeyir Cəfərov bakı-xəber.com-a açıqlamasında bildirdi ki,  bu təlimlər daha çox İran-Azərbaycan siyasi münasibətlərinin yumşalmasına hesablanmış təlimlərdir: "Digər tərəfdən, bəzi hallarda İran Azərbaycan Ordusuna etibar etmir. Ona görə də Azərbaycan bu cür təlimlərin keçirilməsinə də razılaşır ki, bizim üçün heç bir qapalı mövzu yoxdur. Azərbaycan-İran birgə hərbi təlimləri həm regionda yarana biləcək gərginliyin aradan qaldırılması, həm də iki ölkə arasında münasibətlərin nizamlanması baxımından uğurlu təlimlərdən sayıla bilər. Hər iki ölkənin quru qoşunları arasında belə təlimlər ilk dəfədir təşkil edilir. Bir qədər əvvəl İranla Azərbaycan hərbi dəniz qüvvələri arasında da bənzər hərbi təlim keçirilib. İndi isə xüsusi təyinatlılar arasında təlim keçirilib. Bu o deməkdir ki, bundan sonra da birgə təlimlər keçiriləcək və iki ölkənin digər qurumları arasında da əməkdaşlıq genişlənəcək.

Bu təlimlər daha çox siyasi xarakter daşıyir. İran ordusu ilə bizim ordumuz arasında heç bir oxşarlıq və ya ümumi cəhətlər mövcud deyil. Bu, sadəcə olaraq, haçansa regional bir təhlukə olarsa o təhlükələrin bərabər önlənməsinə töhfə verə bilər. İki qonşu ölkənin orduları birgə qaçaqmalçılığın, qeyri-qanuni narkotik ticarətinin, qeyri-qanuni silah ticarətinin və ya qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlıq edə bilər. Bu baxımdan belə təlimlərin keçirilməsinə çoxdan başlanılmalı idi.

Dəniz NƏSİRLİ





Seçilən
25
baki-xeber.com

1Mənbələr