AZ

Fransa və Aİ-nin revanşizmə dəstəyi - İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır - ŞƏRH » AzadMedia.az


 
Fransa üçüncü ölkələr vasitəsilə Ermənistanı silahlandırmaqda davam edir. Paris Hindistanın ardınca Yunanıstanı da bu prosesə cəlb edib.

Yunan mediasının yaydığı xəbərlərə görə, Afina Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOR-M1” və “OSA” zenit kompleksləri göndərəcək. Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək. Halbuki, iddia olunurdu ki, bu silahlar Ukraynaya təhvil veriləcək.

Yunanıstan tərəfi etiraf etməsə də, bu sövdələşmədə Fransanın əli var. Yəni, Makron Fransası çirkin planını üçüncü ölkələr vasitəsilə həyata keçirməyə çalışır. Bundan əvvəl isə Hindistandan “Pinaka” reaktiv raketlərinin alınması barədə xəbərlər yayılmışdı.

Hər iki sövdələşmə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu ilə müraciət edilib. Məsələ ilə bağlı erməni jurnalistlərin sorğusunu cavablandıran nazirlik isə xəbərləri təkzib etməyə çalışıb.

Silah almaq hər bir ölkənin, o cümlədən Ermənistanın daxili işidir. Lakin məsələ ondadır ki, onlar qonşu dövlətə elə-belə verilmir. Silah sövdələşməsinin konkret qiyməti açıqlanmasa da, şübhəsiz ki, burada söhbət milyonlarla dollardan gedir.

Yunanların özləri ağır iqtisadi durumdadırlar. Ermənistana gəldikdə, hakimiyyət bu silah sövdələşməsindən sevinclidir. Şübhəsiz ki, əldə olunan razılaşma Ermənistan üçün hərbi nöqteyi-nəzərdən əhəmiyyət kəsb etmir. Sırf populist və daxili auditoriyaya yönəlib. Uzun müddətdir ki media və ekspert dairələrində hakimiyyət müasir silahlar ala bilmədiyinə görə sərt tənqidlərə tuş gəlir.

Məsələnin digər tərəfi də var. Hakimiyyət ağır sosial-iqtisadi durumdan çıxmaq yolunu yeni silahlar almaqda görür, Fransanın riyakar, Cənubi Qafqazı qarışdırmaq siyasətində alətə çevrilməkdə davam edir.

Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Elə Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da bura daxildir. Məhz Yelisey sarayının təzyiqi ilə belə bir missiyanın Ermənistanda fəaliyyətə başladığı sirr deyil. Bu missiya saraydan aldığı tapşırıq və tezislərə uyğun olaraq Azərbaycana qarşı çirkin bəyanat və addımları ilə yadda qalıb, fəaliyyətini dayandırmağa tələsmir.

Missiya rəhbərinin müşaviri Marek Kuberski bildirib ki, mandatı 19 fevral 2025-ci ildə başa çatan missiyanın müddətinin uzadılması məsələsi hələ həll olunmayıb: “Qərar Brüsseldə Ermənistan hakimiyyəti və ictimai təşkilatlarla məsləhətləşmələrdən sonra Aİ-nin bütün 27 ölkəsinin iştirakı ilə hazırlanır”.

M.Kuberski vurğulayıb ki, missiya mülki və silahsızdır, onun məqsədi sərhəddə təhlükəsiz mühitin yaradılması və tərəflər arasında etimadın möhkəmləndirilməsidir.

2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə də dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.

Azərbaycan da bu missiya ilə bağlı narazılığını dəfələrlə ifadə edib. Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu məsələyə bir daha toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası Avropa müşahidəçilər missiyasının müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.

Prezident “buna nə ehtiyac var idi?”, - deyə sual edib: “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya iki ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır".

Beləliklə, Aİ “binokl diplomatiyası” aparan bu missiyadan Cənubi Qafqaza soxulmaq üçün istifadə etməklə yanaşı, Ermənistanı öz təsirində saxlamağa çalışır.

Şübhəsiz ki, bu və digər addımlarla Fransa və onun sözü ilə oturub-duran Aİ səmimi olmadıqlarını açıq-aydın göstərirlər. Bu azmış kimi, Ermənistanın silahlandırılmasında da iştirak edirlər. Məsələn, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu arada qeyd edək ki, sözügedən fond 2021-ci ildə yaradılıb. Aİ-dən maliyyələşən qurumun məqsədi guya dünyanın müxtəlif regionlarında sülhə xidmət etməkdir. Reallıqda isə məsələ fərqlidir.

Görünən odur ki, Fransa başda olmaqla, Aİ hər vəchlə Cənubi Qafqazda sülh prosesinə, əmin-amanlığın bərqərar olmasına əsas maneə kimi qalır. Ermənistan da bu təhlükəli və qərəzli yanaşmanın əsas iştirakçısına çevrilir. İrəvan anlamaq istəmir ki, növbəti dəfə çirkin və təhlükəli oyuna sürüklənir...(Report)
Seçilən
34
3
azadmedia.az

4Mənbələr