Qırışların yaranması bir çox qadını narahat edən qaçılmaz yaşlanma prosesidir. Ancaq gəncliyin sirri yalnız bahalı kosmetik vasitələrdə deyil, həm də düzgün qidalanmada gizlənir.
Moderator.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə məşhur amerikalı qidalanma eksperti Erik Berq danışıb.
Mütəxəssisin sözlərinə görə, 40 yaşına qədər insan bədənindəki birləşdirici toxumada olan kollagenin təxminən dörddəbiri itir.
"Orqanizm kollageni qida ilə qəbul edilən amin turşularından istehsal edir, lakin bu qabiliyyət 20 yaşdan sonra tədricən azalır. Buna görə də müəyyən qidalanma rejiminə riayət etmək vacibdir", - deyə Erik Berq bildirib.
Ekspert qırışlarla mübarizədə və dərinin gözəlliyini qorumaqda kömək edən məhsulların siyahısını təqdim edib.
O, ilk növbədə kollagenin əmələ gəlməsi üçün "C" vitamininin əhəmiyyətini vurğulayıb. Bunun üçün kələm turşusu vitamin zənginliyinə görə ən uyğun qida hesab edilir.
"Qaraciyər, yumurta sarısı və kərə yağı kollagenin istehsalı, qığırdaqların, bağların və vətərlərin sağlamlığını qorumaq üçün vacib olan "K2" vitamininin əsas mənbələridir. Sink və mis isə dərinin elastikliyini qorumağa və yaraların sağalmasını sürətləndirməyə kömək edən gənclik minerallarıdır".
Həkimin sözlərinə görə, sink tərkibi baxımından dəniz ilbizləri, qırmızı ət və qaraciyər öndə gedir.
"Nəhayət, dəri gözəlliyi və sağlamlığının açarı zülaldır. Bu baxımdan mal əti xüsusilə tövsiyə olunur", - deyə ekspert əlavə edib.