AZ

Avropa İttifaqının sərhəd missiyası ömrünü başa vurmalıdır!

Deyəsən, fərqli durum var...

Bütün yalançılarda bir adət var. Əvvəl nə isə qondarırlar, sonra danışdıqlarını o qədər təkrarlayırlar ki, axırda özləri də yalanlarına inanırlar. İndi Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində “lövbər salmış” mülki müşahidə missiyasının rəhbəri olan Martin Ritterin müşaviri adlandırılan Marek Kuberski də eyni durumdadır. Bu şəxsin yalanı üzərinə gələcəyik.

Hələlik isə bildirək ki, Aİ-nin sözügedən missiyası 2022-ci ilin sonundan fəaliyyətdədir və hazırda onun müddətinin uzadılması istiqamətində aktiv müzakirələr gedir. Hərçənd, müzakirələrin özünün də son dərəcə gizli aparıldığını hiss etmək olar. Ortada ancaq ayrı-ayrı söz-söhbətlər var. Ona görə ki, il başa çatır və hər kəs bilir ki, missiyanın da fəaliyyət müddəti bitmək üzrədir. Daha doğrusu, son müddət 2025-ci il fevralın 19-dur.

Hamı onu da yaxşı dərk edir ki, kollektiv Qərb missiya məntiqindən uzaq dayanmaq fikrində deyil. Müşahidəçilər vaxtilə xristinalığı yaymaq üçün dünyanın müxtəlif yerlərinə səpələnmiş din xadimləri kimidirlər. Onlar üçün müqəddəslik Qərbin Cənubi Qafqaz maraqlarıdır. Qətiyyətlə demək olar ki, Aİ-nin mülki müşahidə missiyası Qərb dairələrinin yaşadığımız mürəkkəb siyasi coğrafiyada öz varlıqlarını sübuta yetirmək məqsədi ilə ortaya atdıqları oyundur.

Qeyd edək ki, Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Ancaq təsisatın formalaşması ilə bağlı qərar əvvəl - həmin ilin oktyabrında verilmişdi. Daha doğrusu, söhbət qərardan yox, razılıqdan getmişdi. Belə ki, oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Həmin görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Missiya məhz Makronun təşəbbüsü idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi.

Rəsmi Bakı hələ lap əvvəldən müşahidəçilərin mövcudluğunu qəbul etməmiş, onların fəaliyyətinə lüzumsuz yanaşmışdı. Çünki bu təcrübənin heç bir fayda verməyəcəyi məlum idi. Nəzərə alaq ki, işğal illərində ATƏT-in monitorinq qrupu deyilən təsisat fəaliyyət göstərmişdi. Qurum, guya, qoşunların təmas xəttində atəşkəsin qorunmasına nəzarət edəcəkdi. ATƏT-in Minsk qrupu kimi, bu təsisat da işğalın leqallaşdırılmasına çalışmışdı. Azərbaycanın 2022-ci ildə Aİ-nin missiyasına açıq etirazının olmamasına gəlincə, bunun üçün mexanizm istisna idi. Onsuz da Fransa və Ermənistan sövdələşmişdilər və hər bir halda, Aİ-nin missiyası Cənubi Qafqaza gələcəkdi. Rəsmi Bakının razılığı müşahidəçilərin cəmi iki ay müddətinə fəaliyyəti ilə əlaqədar oldu. Lakin...

Məlum olduğu kimi, baş nazir N.Paşinyan 2022-ci ilin oktyabrında Praqada, ilk dəfə olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi.

Heç iki həftə keçməmiş Prezident E.Makron yerli televiziyaya müsahibəsində ölkəmizi “işğalçı”, Rusiyanı isə “Ermənistanın mənafeyini satan ölkə” adlandırdı. Bu, aşkar təxribat və danışıqlar prosesini dalana dirəmək cəhdi, eyni zamanda, Aİ-nin missiyası üçün zəmin formalaşdırmaq istəyindən qaynaqlanmışdı. Təxminən belə: bir halda ki, Azərbaycan işğalçıdır, Rusiya müttəfiqi Ermənistanın mənafelərini qorumur, deməli, qəsbkarlığa qarşı çıxacaq və erməniləri müdafiə edəcək struktura ehtiyac var.

Bəli, Makron həyasızlığı ilə Aİ missiyasına zərurəti, bir növ, leqallaşdırmış oldu. Fransanın da niyyəti aşkar idi. Məhz Paris Aİ-nin timsalında Cənubi Qafqazda Qərb varlığını gücləndirməyə qol çırmamışdı. Proses Rusiyanı bölgədən sıxışdırmağa hesablanmışdı. Ona görə də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov missiyanı “regonda əlavə qıcıqlandırıcılar” adlandırmışdı. Elə 2022-ci ildən sonrakı müddətdə də müşahidəçilərin işi-gücü qıcıqlandırıcılıq olmuşdu.
İlk növbədə, Rusiya qıcıqlanmışdı, çünki missiyanın timsalında Qərbin bölgəyə ayaq açmasından ehtiyatlanmışdı. Amma Moskva səbrli davranmış, hadisələrin axarını gözləmişdi. Aİ-nin sözügedən missiyasının Ermənistanda hiddət doğurması isə onun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlı olmuşdu. Erməni iqtidarının təmsilçiləri elə zənn etmişdilər ki, Aİ-nin müşahidəçiləri, müəyyən mənada, qalxan rolu oynayacaq, istədikləri kimi davransalar da, qorunacaqlar. Amma hadisələrin sonrakı axarı göstərmişdi ki, “missiyaçıların” özlərini qorumaq lazımdır. Küləkdən, yağışdan, qardan və sair.

Beləliklə, Aİ-nin müşahidə missiyası ötən ilin sonunda bir illik fəaliyyəti ilə bağlı hesabat açıqlayanda məlum oldu ki, təsisatın təmsilçilərinin işi-gücü şərti sərhədin müxtəlif hissələrini gəzib-dolaşmaqdan başqa bir şey deyil. Hərdən əllərində tutduqları binokllarla Azərbaycan tərəfə də baxıblar. Yeri gəlmişkən, müşahidəçilərin sayəsində “Binokl diplomatiyası” termini də yaranıb. Özləri ilə buna görə fəxr edə bilərlər...

O da məlumdur ki, Aİ-nin müşahidəçilərinin tərkibi pensiyada olan alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən ibarətdir. Yəni, onlar, faktiki olaraq, təcrübəli hərbçilərdir. Yəqin, bu səbəbdəndir ki, bir vaxtlar missiyanı NATO missiyasına çevirmək barədə cəhdlər də oldu. Buna, ümumən, müşahidəçilərin qol-qanad açmalarına imkan verməyən isə Azərbaycan idi.

Əvvəla, qeyd etdiyimiz kimi, ölkəmiz müşahidəçilərin şərti sərhədin öz tərəfində fəaliyyətinə imkan və şərait tanımadı. İkincisi isə Aİ nə qədər Fransanın patronajlığı altında fəaliyyət göstərsə də, qurumda Azərbaycan məsələsi ikitirəlik yaratdı. Təşkilatın ayrı-ayrı strukturları müşahidəçilik institutu üzərinə böyük siyasi və hərbi sərmayə yatırmağın ölkəmizə qarşı çıxmaq olduğunu anladılar. Nəzərə alaq ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm halqadır.

Ancaq, göründüyü kimi, missiya məntiqi aktuallığını itirməyib. Onun müddətinin uzadılması istəkləri də bundan qaynaqlanır. Missiyanın rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski də buna görə ortaya düşüb və deyib: “Biz bunun (müddətin artırılmasının – red.) üzərində işləyirik. Brüsseldəki tərəfdaşlarımız qərarı bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayır. Çünki qərar ittifaqın 27 üzvü tərəfindən qəbul ediləcək. Biz artıq Ermənistan hakimiyyəti ilə, Ermənistanın vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Beləliklə, indi bölgədə qalacağımızla bağlı qərar verilir”.

Qeyd edək ki, rəsmi Bakı bu ilin sentybarından başlayaraq missiyaya qarşı çıxdığını, müvafiq olaraq, həm də onun müddətinin uzadılmasına etiraz etdiyini açıqlamaqdadır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev demişdir ki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh, qarşılıqlı anlaşma şəraitindəki gedişatı var. Bu səbəbdən Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur, təsisatın işinə xitam verilməsinin za¬manı yetişib.

Prezident İlham Əliyev isə 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Dövlətimizin başçısı belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. “Buna nə ehtiyac var idi?!” – deyə ritorik sual səsləndirən dövlətimizin başçısı “Binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi.

Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos isə bir müddət əvvəl Azərbaycanın Aİ-yə qarşı ittihamlarına cavab verərkən demişdi ki, təşkilatın sözügedən missiyası yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür. “Əla iş”in nə demək olduğu məlum deyil. Hər halda, şərti sərhəd zolağı boyu pikap avtomobillərlə yol gedib-gəlmək iş sayıla bilməz.

Prezident İlham Əliyevin də bildirdiyi kimi, əvvəldə nəzərdə tutulmuş iki aylıq müddət ölkəmizlə razılaşdırılmadan uzadılıb. Belə görünür, indi də müddətin artırılmasında Azərbaycanın mövqeyini hesaba almaq istəyən yoxdur. Cənab Kuberskinin açıqlaması da bunu təsdiqləyir. Elə isə onun əvvəldə haqqında söz açdığımız yalanının üzərinə gələk.

Bəli, missiya rəsmisinin Azərbaycanın Ermənistandan Aİ müşahidəçilərinin çıxarılması tələbini şərh edərkən uydurulmuş yalana inandığı ortadadır. “Bizim Azərbaycan tərəfi ilə birbaşa əlaqəmiz yoxdur. Buna görə də bəzən izah etmək çətin olur. Lakin biz, əlbəttə ki, izah etməyə çalışırıq ki, mandatımızın məqsədi təşviq etməkdən, insanlar üçün sərhəddə insidentlərin azaldılmasına kömək göstərməkdən, daha yaxşı və təhlükəsiz mühit yaratmaqdan, insanların təhlükəsizlik hissini artırmaqdan ibarətdir”, – deyən Kuberski onu da vurğulayıb ki, missiya sərhədyanı ərazidə yaşayan Ermənistanın hakimiyyət orqanlarının təmsilçiləri və erməni əhalisi ilə Azərbaycan hakimiyyət orqanları və azərbaycanlı əhali arasında etimadın yaradılmasına çalışmaqdadır.

Təsəvvür edin, Azərbaycanla əlaqə yoxdur, amma ölkəmizin əhalisində və hakimiyyət orqanlarında qarşı tərəfə etimad mühiti formalaşdırılır. Çox danışılarkən onu danışanın özünün də inandığı yalan budur. Məsələ ondadır ki, şərti sərhəddə elə bir durum yoxdur ki, erməni və azərbaycanlı əhali arasında hansısa formada təmas şəraiti qeydə alınsın. Heç ötən müddətdə də belə bir hal olmayıb. Bu vaxtadək missiyanın özü də hansısa insidentin qarşısını almayıb. Sual olunur: Ermənistan dəfələrlə şərti sərhəddə atəşkəsi pozub, görəsən, Aİ müşahidəçiləri nə üçün bu barədə söz açmayıblar?

Sonda bir daha onu bildirək ki, Aİ-nin Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfindəki missiyasına heç bir ehtiyac yoxdur. Çünki bu, sırf qlobal siyasi məqsədə, regional miqyasda rəqabətin formalaşmasına hesablanmış qurumdur. Yaxşı olar ki, missiya ömrünü başa vursun, Ermənistan rəhbərliyində yeni illüziya qığılcımlarına səbəb olmasın. Çünki bu qığılcımlar qeydə alındıqca, Cənubi Qafqazda sülh mühitinin formalaşması da çətinləşir. Ən pisi də elə budur.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
40
5
xalqqazeti.az

6Mənbələr