AZ

Mark Kukurelya: “Çelsi” də qənimət qazanmaq istəyir, amma…”

İspaniya yığmasının və “Çelsi”nin müdafiəçisi Mark Kukurelya “zadəganlar”ın cari mövsüm üçün hədəfləri ilə bağlı fikrini paylaşıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Əlbəttə, biz qənimətlər qazanmaq üçün buradayıq, amma düşünürəm ki, hazırda ən yaxşı komandalardan azacıq uzaqdayıq. Onlar uzun müddətdir ki, eyni məşqçi və eyni fikirlərlə işləyirlər. Biz isə buna cari mövsümdə, bir neçə ay əvvəl başlamışıq”, deyə Kukurelya vurğulayıb.

2024/2025-ci illər mövsümünə uğurlu başlamış “Çelsi” hazırda 22 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Mark Kukurelya “Espanyol” və “Barselona”nın futbol məktəblərini keçib. İspan futbolçu vaxtilə “blauqrana”da cəmi 1 oyun keçirib. Kukurelya İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” bu futbolçunu 18 milyon avro məbləğ müqabilində “Brayton”a satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro məbləğ ödəməklə ispan müdafiəçini heyətinə qatıb.

Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.

Kukurelya cari mövsümdə “zadəganlar”ın heyətində 13 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Kukurelyanın “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi 72 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Kukurelya “qırmızı qəzəb”lə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2017/2018) da var.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
50
arena.az

10Mənbələr