AZ

Deputatdan hökumətə müraciət - qadınların pensiya yaşına yenidən baxılması...

Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov hökumət üzvlərinə xitabən bəzi məsələlərə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, ötən ilin büdcəsində olduğu kimi, bu ilin büdcəsində də ölkə əhalisinin rifahının yüksəldilməsi, pensiya və müavinətlərin, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının artırılması prioritet istiqamətlərdan biri kimi götürülüb: 

“Bu, həm də dövlətimizin bu sahəyə diqqət və qayğısının daha bir göstəricisidir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan dünyada şəhid ailələrinə və müharibə iştirakçılarına ən yüksək diqqət və qayğı göstərən azsaylı ölkələrdən biridir:

“Onu da qeyd edim ki, bütün görüş və qəbullarda şəhid ailələri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirirlər”.

Ceyhun Məmmədov qeyd olunanlarla yanaşı, vətəndaşlardan daxil olan müraciətlər əsasında sosial sahə ilə bağlı bir sıra təkliflərini səsləndirib:

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”. 

Deputat ardınca bildirib ki, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir:

“Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir. Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Qeyd olunanları nəzərə alaraq, müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm. Düşünürəm ki, qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”. 

Ceyhun Məmmədov qeyd edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması da yaxşı olardı:

“Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”. 

Millət vəkili onu da xüsusi vurğulayıb ki, sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedurların sadələşdirilməsinə də zərurət var:

“Əgər bir insan qolunun və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”. 

Ceyhun Məmmədovun sözlərinə görə, bu ilin büdcəsində dəfn puluna ayrılan vəsaitin artırılması təqdirəlayiqdir:

“Ancaq prosesin elektronlaşdırlmasına ehtiyac var.  Bu qədər sənədi əldə etmək üçün vətəndaşlar çətinlik çəkirlər. Prosesi elektronlaşdırmaqla daha da sürətləndirə bilərik. Onsuz da dünyasını dəyişən insanların qeydiyyatı tez bir zamanda həyata keçirilir və həmin məlumat əsasında prosesi elektronlaşdıra və sürətləndirə bilərik”. 

E.Paşasoy,
Musavat.com

Seçilən
14
7
musavat.com

9Mənbələr