Dünən Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzovun çıxışı gündəm olub. O qeyd edib ki, özünüməşğulluqla bağlı proqram yaxşı olsa da, proqramın həyata keçirilməsi mexanizmində problemlər var.
“Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək verirsən, ona bir illik zəmanət də ver. Heç olmasa, üç aylıq da onun yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”, - millət vəkili qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməməlidir: “Təqdim olunmuş heyvanlar barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin”.
Sfera.az bildirir ki, deputat Siyavuş Novruzovun qeyd etdiyi məsələ ilə bağlı yerli mediada dəfələrlə vətəndaşların şikayətləri yer alıb. Bir sıra şəxslər verilən heyvanlardan narazılıqlarını qeyd ediblər.
Məsələn, ötən il Xaçmaz rayonunun Hacıqazma kənd sakini Ələddin Talıbov bu istiqamətdə şikayətçi olub. Belə ki, o, kənddə özünə fərdi iş qurmaq, dövlətin kəndlilər üçün yaratdığı özünüməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinə müraciət edib. 2019-ci ildə agentlikdə növbəyə durub. Dörd ildən sonra - 2023-cü il iyul ayının 11-də növbəsi çatanda ona 21 baş qoyun verilib. Lakin Ələddin Talıbova verilən qoyunlardan 5-i alandan 12 gün sonra tələf olub.
“Şərtlərə görə, qoyunların artımı üçün verilən qoç 2-4 yaşında olmalıdır, mənə verilən qoç isə quzu idi. Onunla necə artım olacaqdı ki? Üstəlik həmin quzu da öldü, indi heç artım olmayacaq, qalan qoyunlar da sağlam deyil, xəstədir”, - o, yerli mediaya açıqlamasında deyib.
Oxşar iddia ötən il Biləsuvar rayonunda da qeydə alınıb. Belə ki, rayonun Əsgərabad kənd sakini Ruslan Rzayev yerli mediaya açıqlamasında ona verilən heyvanların xəstə olduğunu iddia edib. Onun sözlərinə görə, verilən 3 inəkdən birinin elə ilk gündən, digərlərinin isə sonradan temperaturu qalxıb:
“Dəfələrlə əlaqədar qurumlara məlumat vermişəm, amma maraqlanan yoxdur. Heyvanlar bizə təhvil verilərkən təqdim olunan sənəddə əlaqə nömrəsi göstərilsə də, bu nömrəyə ümumiyyətlə zəng çatmır”.
Digər nümunələrdən biri də ötən il Sabirabad rayonunda qeydə alınıb. Qasımbəyli kəndində yaşayan Qabil Baxşıyev özünüməşğulluq proqramından yararlanmaq üçün 5 ilə yaxın gözləyib. 2018-ci ildən növbədə olan Qabil Baxşiyev 3 baş iribuynuzlu heyvan və 800 kiloqram yem ilə təmin olunub. Lakin vətəndaş məşğulluq xidməti tərəfindən ona təqdim olunan heyvanların xəstə və yarasız olduğunu bildirib. Məsələ ilə bağlı "XəzərXəbər"in hazırladığı reportajı təqdim edirik:
Bir neçə il öncə, Cəlilabad rayon sakini Sadıqov Namiq də özünəməşğulluq proqramı çərçivəsində verilən mal-qaranın tələf olmasına görə Dövlət Məşğulluq Agentliyindən narazılıq edib. O, heyvanların sağlamlıq vəziyyətlərində problem olduğunu, bir çoxunun xəstə olduğunu bildirib.
“Bəziləri isə ağızlarında dişləri olmadığı üçün yem yeməkdə belə çətinlik çəkirdilər. Çox yararsız heyvanlar idi. Gözü kor olan da var idi, ayağı sınıq da…Bununla mən heç cür təsərrüfat artıra bilmərəm”, - o qeyd edib. Bununla bağlı İctimai Televiziya reportaj hazırlayıb.
Qeyd edək ki, sözügedən iddialarla bağlı Dövlət Məşğulluq Agentliyi müvafiq açıqlamalar da verib.
Sonda isə bildirək ki, nazir AQTA-nın heyvanların sağlam olması ilə bağlı arayışlarını əsas gətirsə də, təqdim etdiyimiz reportajlarda sakinlər özünəməşğulluq proqramı çərçivəsində verilən mal-qaranın yararsız olduğunu bildiriblər. Bu zaman belə bir sual ortaya çıxır? Doğruları deməyən kimdir?
Altay