AZ

Tələbələrin 433 minlik borcu bağışlandı: Səbəb nədir?

"Təhsil Tələbə Krediti Fondu (TTKF) bu günə kimi kredit götürən və təhsillərini uğurla başa vuran məzunların 433.000 AZN məbləğində ödənişini bağışlayıb".
 
Bu barədə Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov məlumat verib. 

Ekspert bunun səbəbini akademik göstəricilərini yüksək səviyyədə qoruyan və təhsil həyatında müvəffəqiyyət qazanan tələbələrin təşviq olunması ilə əlaqələndirib:

"Bu, həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür. Qaydalarda da  göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yaxşı oxuyan və əlaçı olan tələbələrin krediti bağışlanılıb".
 
Ekspert bildirib lki, TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır:

"Yəni, kreditlə təhsil almaq imkanı əldə edən tələbələrdən yüksək akademik nailiyyətlər əldə edənlər xüsusi təşviq olunurlar. Təhsil prosesində göstərilən səy və fədakarlıq maliyyə yükünün bir hissəsinin üzərindən götürülməsi ilə mükafatlandırılır. Bu yanaşma tələbələri motivasiya etməklə yanaşı, onların təhsil müddətində daha məsuliyyətli və məqsədyönlü olmalarına səbəb olur". 
 


Kamran Əsədov qeyd edib ki, burada fondun əsas məqsədi ölkədə təhsil imkanlarını genişləndirmək və maliyyə çətinlikləri səbəbindən təhsil almaqda çətinlik çəkən tələbələr üçün dəstək yaratmaqdır:

"Kreditlərin bağışlanılması isə yalnız maliyyə yardımı deyil, həm də tələbələrin gələcək həyatlarına olan inamını artırmaq üçün simvolik bir jestdir. Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanılması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir, çünki yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar".. 

Bahar Rüstəmli

Seçilən
16
2
qaynarinfo.az

3Mənbələr