AZ

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİ YENİ KADRLARLA KOMPLEKTLƏŞDİRİLİR

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, o cümlədən, kadr potensialının gücləndirilməsi məqsədilə işlər uğurla davam etdirilir.

Ədliyyə naziri Fərid Əhmədovun göstəriş və tapşırıqlarına əsasən kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi davamlı müsabiqələr keçirilməklə fasiləsiz aparılır.

Bundan irəli gələrək, yaxın zamanda istifadəyə verilmiş yeni müasir penitensiar müəssisələrin fəaliyyətinin təmin edilməsi, eləcə də, vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində orta və kiçik rəis heyətlərində hərbi qulluqçu kimi, o cümlədən mülki vəzifələrə qulluğa qəbul həyata keçirilir.

Əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş, seçim mərhələlərini uğurla keçərək ədliyyə naziri Fərid Əhmədovun əmrinə əsasən 50 nəfər orta rəis heyətinə və 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların noyabrın 27-də Penitensiar xidmətin Baş idarəsində andiçmə mərasimi keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov onlara nazir Fərid Əhmədovun salamını və təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar diləyib, vətənə, xalqa sədaqətlə xidmət etməyi, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Həmçinin, müraciət edən çoxlu sayda Vətən Müharibəsi iştirakçıları, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hal-hazırda xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır. 

Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
10
olaylar.az

10Mənbələr