AZ

“Real” mənim üçün hər şeydi”

Qocalmaq bilməyən Luka Modriç ötən ay “Real”da daha bir möhtəşəm nailiyyətə imza atdı.

“Football-plus.az” xəbər verir ki, 38 yaşlı yarımmüdafiəiçi “kral klubu”nda 500-cü oyununu keçirdi. Xorvatiyalıya qədər yalnız 14 futbolçu bunu bacarmışdı. Özü də Modriç “blankos”un səfərdə qələbə qazandığı “El Klasiko”da əlamətdar matçına meydana çıxdı. Luka klub televiziyasında müsahibəsində İspaniya nəhənginin heyətində ən vacib anlarını yada salıb. O, həmçinin, yubiley görüşlərində geydiyi və evdə xatirə kimi qoruduğu futbolkaları nümayiş etdirib.

“Real”a aparan yol
“Real” mənim üçün hər şeydi. Həyatımın bir hissəsi, ailəm, yaşayış tərzi... Xorvatiyadanam, orada doğulmuşam, ancaq son 11 ildi İspaniyada yaşayıram və burada özümü evdəki kimi hiss edirəm. Futbol tarixinin ən yaxşı klubunda keçirdiyim bütün emosiyalara görə minnətdaram.

“Real”da 200-cü oyun
Xüsusi rəqəmdi. Belə bir klubda hətta 200 matça çıxmaq da çoxdu. Üstəlik, həmin dönəmdə 10-cu dəfə Çempionlar Liqasının qalibi olduq. Klub uzun müddət bu qələbəni gözləyirdi. 10 nömrə altında çıxış etdiyimə görə, mənim üçün də sözügedən uğur lap ürəyimcəydi. “Atletiko”ya qarşı final xüsusi idi.

ÇL-də ardıcıl 3 qələbə
250-ci oyunumu keçirdiyim bu futbolkada Kiyevdəki finalda ard-arda 3-cü dəfə turnirin qalibi oldum. İnanılmaz idi, başqa heç bir komanda bunu bacarmayıb. Bu köynək də ötən illər qədər gözəldi. Həmin mövsüm çox uğurlu alındı, oyundan və mübarizə aparmaqdan həzz alırdıq.

“Qızıl top”
300 rəqəmi xoşuma gəlir. Bu futbolka xüsusidi, çünki məhz o vaxt “Qızıl top”a sahib çıxdım. Həmin dönəmdə Xorvatiyanın heyətində dünya çempionatını möhtəşəm keçirdim və futbolda ali fərdi mükafatı qazandım. Bunu heç zaman unutmayacam. Mənim üçün bu köynəyin yeri başqadı.

“El Klasiko”, qol və 350-ci matç
“Barselona”ya qarşı oynayırdıq, görüşə ehtiyatdan başladım, meydan çıxmağı çox istəyirdim. “El Klasiko”da çıxış etmək xoşuma gəlir, çünki böyük matçlardır. Komandamız həqiqətən də yaxşı təsir bağışlayırdı, mən isə son yarım saatda mübarizə apardım. Meydana çıxanda məzəli hadisə də yaşandı. Topu qəbul edib oyuna daxil olmağa hazırlaşan və kənarda artıq formada dayanan Rodriqoya ötürmə verdim. Gülməli alındı. Yeri gəlmişkən, Rodriqo meydana çıxanda sonra əla kombinasiya qurduq. Ötürmə etdi, mən isə 2-3 toxunuşun ardından toru silkələdim. Cərimə meydançasının kənarından vurulan gözəl qol alındı. Bu cür zərbələri nə qədər çox məşq edirsənsə, bir o qədər də yaxşı alınır.

400-cü matç və unudulmaz ÇL
Bu futbolkada həm də “Kamp Nou”da daha bir “El Klasiko” çıxış etdim. Qalib gəldik, belə oyunlarda isə qələbə çox vacibdir. Görüşü əla keçirdik, buna görə də xüusi futbolkadı. Eyni zamanda, Parisdə 14-cü dəfə ÇL-in qalibi olduq. Həmişə xatırlanacaq möhtəşəm mövsüm idi. Avropanın top-klublarına qarşı mübarizə apardıq, “Santyaqo Bernabeu”da geridönüşlərimiz oldu. Qələbəyə aparan əla yol alındı.

ÇL
5 dəfə bu turnirdə uğur əldə etmək inanılmazdı. Buna nail olacağımı heç vaxt düşünə də bilməzdim. Əlbəttə, “Real”a gələndə qalib ruhuna malik və ÇL, La Liqa, İspaniya kuboku kimi turnirlərə qələbə qazanmalı olan kluba düşürsən. Amma yenə də ÇL-in 5 qat qalibi olacağımı təsəvvür etmirdim. Qısa müddət ərzində hansı uğurlara imza atdığımızı hələ də dərk edə bilməmişik.

Modriç, Benzema, Zidan və “Qızıl top”
450-ci matça çıxdığım daha bir vacib futbolka. “Santyaqo Bernabeu”da qol vurmaq əla hissdi. Həmin oyunda kapitanlıq sarğısı qolum idi. Lakin həm də Benzemanın azarkelərə “Qızıl top”unu təqdim etdiyi üçün həmin görüş yadımda qaldı. Zidanla birgə orada idik və Kərimə mükafatını verdik. Sonra isə “Sevilya” ilə oyunda qələbə qolunu vurdum. Əla axşam idi.

500-cü matçı
Nə deyəcəyimi bilmirəm, sadəcə, inanılmazdı. Bu rəqəmə çatmaq son dərəcə gözəldi. “Real”da bunu az sayda futbolçu bacarıb. Sözügedən nailiyyətimlə fəxr edirəm. Titullar və mükafatlardan vacib olan azarkeşlərin verdiyi dəyərdi. Onları aldada bilməzsən. Hər dəfə “Santyaqo Bernabeu”ya çıxanda azarkeşlərdən aldığım dəstək məni xoşbəxt edir. Onlara minnətdarlığımı bildirmək üçün həmişə maksimum gücümü meydanda qoymaq istəyirəm.

Seçilən
206
50
Mənbələr
Şərh ()
Bağla