2025-ci il büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötəcəyi göstərilir...
Xalid Kərimli: “Təəssüf ki, Azərbaycan büdcəsinin yenə yarıdan çoxu neft sektorundan gələn gəlirlərdən formalaşır”.
“Deyə bilərik ki, Azərbaycanın büdcə gəlirlərinin neft-qazdan transfer olunması əmək haqqı və pensiyaların verilməsində ciddi problemlər yarada bilər”.
Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycanın büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70%-i ötəcəyi xəbərini Poliqon-a şərh edərkən qeyd edib.
Milli Məclisdə müzakirə olunan 2025-ci il büdcə layihəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötəcəyi göstərilir. Sənədə əsasən Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payının 2025-ci ildə 68%-dən 71,3%-ə yüksələcəyi gözlənilir.
Ümumilikdə, Azərbaycanda qeyri-neft-qaz sektorunun vəziyyətini necə dəyərləndirmək olar və qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70%-i ötməsi artıq ölkəmizin gəlirlərinin neft asılılığının kəskin azaldığını göstərirmi?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.
Xalid Kərimli: “2030-cu ildə Azərbaycanın büdcə gəlirlərində neft-qaz sektorunun rolu azalsa, böyük nailiyyət olacaq”.
Azərbaycan büdcəsinin yarıdan çoxunun neft sektorundan gələn gəlirlərdən formalaşdığını nəzərə çatdıran ekspert vurğulayıb ki, Azərbaycanın valyuta ehtiyatlarının 90 faizdən çoxu neft-qaz sektorunun ixracından formalaşır:
“Azərbaycanın gəlirlərinin neft asılılığından kəskin azalması görünmür. Təəssüf ki, Azərbaycan büdcəsinin yenə yarıdan çoxu neft sektorundan gələn gəlirlərdən formalaşır. Azərbaycanın valyuta ehtiyatlarının 90 faizdən çoxu neft-qaz sektorunun ixracından formalaşır.
Bunları nəzərə alanda deyə bilərik ki, Azərbaycanın büdcə gəlirlərinin neft-qazdan transfer olunması əmək haqqı və pensiyaların verilməsində ciddi problemlər yarada bilər.
Güman edirəm ki, 2030-cu ildə Azərbaycanın büdcə gəlirlərində neft-qaz sektorunun rolu azalsa, böyük nailiyyətolacaq”.
Nərminə UMUDLU
Poliqon.info