AZ

Şahin Diniyev: "Tək günahkar milli komandamız deyil"

"Yıxılana balta vurmaq çox asandır. Futbolumuzun bu gündə olmasında tək günahkar milli komandamız deyil".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

58 yaşlı mütəxəssis yığmanın UEFA Millətlər Liqasında uğursuz çıxışına və D Liqasına düşməsinə münasibət bildirib:

"Bütün məsələləri futbolçuların və baş məşqçinin üstünə ataq ki, heç kim günahkar deyil. Burada hamımızın günahı var. Oyunçuların, məşqçilərin bu vəziyyətdə olmasına cavabdeh şəxslər yoxdurmu? Futbolumuzun bu gündə olmasında tək günahkar milli komandamız deyil. Böyük problemlər içindəyik. Axtarsaq, cavabı tapmayacağıq. Necə ki, 32 ildir tapmırıq. Yenə eyni yerdə eşələnsək, yanlış istiqamət tutacağıq. Köklü bir şey - konsepsiya və strategiya olmalıdır. Futbol böyük sahədir. Uşaq futbolundan tutmuş, maddi-texniki baza, infrastruktur, maliyyə, təhsil və s. Hamısı zəncirvari bir-birinə bağlıdır. Yeni strategiya olmalıdır. Ümumiyyətlə, indiyədək strategiyamız olmayıb".

Diniyev ölkə futbolunda köklü dəyişikliklər edilməli olduğunu söyləyib:

"Yaxşı ki, D Liqasına - quyunun dibinə düşdük. Artıq buradan o tərəfi yoxdur. Amma ayağa qalxmalıyıq. Həmişə seçmə mərhələlərdə kimlərisə büdrədəcəyimizi düşünürdük, bu isə yanlış baxış idi. Rəqiblər dəqiqləşən kimi xalları hesablayırdıq. Amma güclərə baxanda onlardan üstün olmadığımızı görürdük. Millətlər Liqasında məğlub edə bilmədiyimiz Estoniya yığmasının əksər futbolçuları məşhur çempionatlarda çıxış edirlər. Biz hansı amilə görə İsveçi udmalı və ya xal almalıydıq? Ümumi futbolu düzəltmək lazımdır. Artıq hər birimiz harada olduğumuzu bilirik".

Təcrübəli mütəxəssis millinin 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq ehtimalının olmadığını vurğulayıb:

"İlk olaraq aşağı yaş qruplarına baxmaq lazımdır. U-21, U-19 və U-17-dən yaxşı nəsil gəlirsə, qarşıya belə məqsəd qoymaq olar. 10 ildən sonra da belə uğur görmürük. Futbolçunu, məşqçini söyməyə nə var? Çox asandır. Bəs onları bu günə salanlar? Aşağı yaş qrupundan gələnlər növbəti illərdə yığmada oynayacaqlar. Perspektiv görürsünüz? Mən görmürəm. Böyük konsepsiya, strategiya olmalıdır. Bu da uzun illər alacaq. Həmin vaxtdan da səmərəli istifadə etmək lazımdır. Öz mentalitetimizə uyğun strategiya qurulmalıdır".

Qeyd edək ki, son olaraq "Səbail"də işləyən Şahin Diniyev 2005-2007-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub.

İdman.biz

Seçilən
40
idman.biz

1Mənbələr