AZ

Bakıda COP29: Bəşəriyyətin gələcəyi üçün tarixi addımlar

Beynəlxalq tədbirlərin ən çox keçirildiyi ölkələrdən biri olan Azərbaycan, bu günlərdə tariximizin ən yaddaqalan anlarından birinə şahidlik etdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla təşkil olunması dostlarımıza sevinc, düşmənlərimizə göz dağı oldu. Azərbaycan bir daha dünyaya sübut etdi ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində istənilən sahədə yüksək nəaliyyətlər qazanmağa hər zaman hazırdır.

Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP29-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Azərbaycan bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Həmçinin, ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlarla həmrəylik nümayiş etdirdi.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
Eyni zamanda, COP29 çərçivəsində Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradıldı. Dövlət başçısı İlham Əliyev Azərbaycanın uğurlu nəticəyə əvvəlcədən də əmin olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
COP29 kimi dünya əhəmiyyətli və mötəbər tədbirə uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana dünyanın hər yerindən təbriklər gəlməkdədir. ABŞ Prezidenti Co Baydenin təbrik məktubu da kifayət qədər diqqət çəkir.
COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb oldu. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.
COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı - fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a Sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.
Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatdı, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaratdı. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Seçilən
2
1
sesqazeti.az

3Mənbələr