AZ

ƏDV-lər balansa niyə gec oturur? - SƏBƏB məlum oldu

Bəzi hallarda marketlərdən alınan məhsulların çeklərindəki ƏDV (Əlavə Dəyər Vergisi) hesabına yükləndikdə uzun müddət "gözləmə" statusunda qalır. Paytaxt sakinləri bildirirlər ki, ƏDV hesablarına 1 aya, bəzən isə daha uzun müddətə qədər pul oturmur. 

Bəs ƏDV-lər niyə balansa gec keçir?

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Ruslan Atakışiyev bildirib ki, ƏDV sistemi eyniləşmə aparır. Yəni, əvvəlcə ümumilikdə vəsaiti hesablayıb sonra ödəyirlər.

Dövlət Vergi Xidmətindən isə bildirib ki, alıcıların alınan məhsulu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilmiş kassaya aid çek "gözləmə" statusunda qalır. Həmin müddət başa çatdıqdan sonra aktivləşir. Məhz bu səbəbdən növbəti mərhələ məlumat müvafiq banka göndərilir və 30 gün müddətində nəzərdə tutulan vəsait müştəriyə qaytarılır.

Qeyd edək ki, ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual "pul qabı" yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin "BirBank" və "ABB Mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. "BirBank" və "ABB Mobile" tətbiqləri portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual "pul qabı"na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Seçilən
2
10
olke.az

10Mənbələr