AZ

Bakıda gənc oğlan sevdiyi qızın qardaşını bıçaqladı — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 2002-ci il təvəllüdlü Xəyal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevdiyi qızın qardaşı Telmana xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 12 may 2024-cü ildə, saat 01:30-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 

Xəyal qəsəbədə yerləşən 46 saylı tam orta məktəbin yaxınlığında ona bacısı Fatimə ilə telefon əlaqəsi saxlayaraq görüşməklə danışmasını irad tutub, belə hərəkətlərinə son qoymasını haqlı tələb edən Telmanın ona dediyi “şərəfsiz” sözlərini cüzi səbəb kimi bəhanə edib. 

Xəyal etiraz əlaməti olaraq mübahisə yaradaraq yaxasından yapışmaqla qəsdən qisas almaq üçün Telmanın əvvəlcədən özü ilə gətirdiyi bıçaqla ona bir zərbə vurub. 

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, onun 22 yaşı var, subaydır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif edilib: “Əslən Lerik rayonu, Məhləabad kəndindən olsam da faktiki olaraq Xəzər rayonu, Südçülük sovxozunda yaşamaqla fəhləliklə məşğul omuşam. Bu iş üzrə şahid keçən Fatimə Binə qəsəbəsində yerləşən gözəllik salonunda işlədiyini görmüşəm. Həmin qızdan xoşum gəldi, onun telefonunu özündən alaraq zəngləşdik. Bir neçə dəfə evlərinin yanında görüşdük. Ona qarşı fikrim ciddi olub, Fatimə ilə ailə qurmaq istəmişəm. Axırıncı dəfə Fatimə ilə sonuncunun yaşadığı evin yanında görüşdük. Bu zaman Fatimənin anası bunu gördü. Fatiməyə mənimlə əlaqə saxlamağa və görüşməyi qadağan etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən bir neçə gün əvvəl Fatimənin qardaşı Telman ona zəng edib, kim olması ilə maraqlanıb, onunla görüşmək istədiyini bildirib: “Mən də buna etiraz etmədim.
Mayın 12-də gecə saat 1 radələrində Binə qəsəbəsində yerləşən 46 saylı orta məktəbin yaxınlığında Telmanı gözlədim. Telman şəxsi maşını ilə yanıma gəldi. Mənə maşina əyləşərək harasa getməyi təklif etdi. Mən də razı olmadıqda Telman maşından enərək mənə yaxınlaşdı, sinəmdən dartdı, mənə şərəfsiz dedi. Mən də bu təhqirə görə əvvəlcədən görüşə gələn zaman götürdüyüm mətbəx bıçağı ilə bir dəfə Telmanın qarnının sol tərəfinə xəsarət yetirərək hadisə yerindən qaçdım. Qaçan zaman bıçağı su kanalına atdım və könüllü gedərək polisə təslim oldum. Etdiyim əməldən peşmanam, zərərçəkmiş şəxslə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Telmanın sözlərinə görə, təqsirləndirilən Xəyalı tanıyır: “Bu iş üzrə şahid keçən Fatimə mənim doğma bacımdır. Fatimənin 17 yaşı var. Hadisədən bir neçə gün əvvəl evdə Fatimənin mobil telefonuna baxarkən onun Xəyal adlı şəxslə yazışmasını gördüm. Fatiməyə və digər ailə üzvülərimə bir söz demədən Xəyala zəng etdim. Ona Binə qəsəbəsindəki 46 saylı orta məktəbin yanında gecə vaxtı görüş təyin etdim. Məqsədim Xəyalın kim olmasını, yetkinlik yaşına çatmayan bacımdan nə istəməsini öyrənmək olub”. 

Telman qeyd edib ki, mayın 12-də, gecə saat bir radələrində idarə etdiyi Mersedes markalı maşınla həmin məktəbin yanına gedib və Xəyalı həmin yerdə görüb: “Maşını yanıma sürərək maşına əyləşməyi dedi. Xəyal maşına əyləşməkdən imtina etdiyi üçün maşından endi, Xəyala yaxınlaşaraq sinəmdən dartaraq mənə şərəfsiz deyə müraciət etdi. Həmin sözdən sonra Xəyal qəflətən üzərindən çıxardığı bıçaqla qarnımın sol hissəsindən vuraraq oradan getdi. Mən maşına minib bir az hərəkət etdim. Lakin halımın pisləşdiyini hiss edərək dostum Cabirə zəng etdim, yanıma gəlməyini xahiş etdim. Cabir gəlib maşınımı idarə edərək məni xəstəxanaya apardı. Orada mən əməliyyat olundum. Hazırda vəziyyətim  yaxşıdır, təqsirləndirilən şəxsla barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”.

İş üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, xəsarət alan şəxs Telman onun qardaşıdır: “Təqsirləndirilən Xəyal ilə tanış olduq, bir-birimizi bəyəndiyimiz üçün “Whatsapp” sosial platforması vasitəsilə mənimlə əlaqə saxlamağa başladıq. “Whatsapp” vasitəsilə Xəyalla əlaqə saxlayarkən anası bunu aşkarladı və bu barədə qardaşıma bildirdi. sonradan mənə məlum oldu ki, Xəyal qardaşımı Binə qəsəbəsi , Hövsan südçülük sovxozu, “Laçın” məktəbinin yaxınlığında bıçaq zərbəsi ilə qarın boşluğuna bir dəfə xəsarət yetirib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr