AZ

Trampın hədəfindəki üç ölkə: İlk qərarı onlarla bağlı olacaq

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp üç ölkə ilə bağlı sərt qərarlar verməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra ilk qərarının nə olacağını açıqlayıb. Tramp ilk iş günündə Kanada, Meksika və Çindən idxal olunan bütün mallara tariflər tətbiq edəcək. O, prezident kimi səlahiyyətlərinin ilk günündə Kanada və Meksikadan gətirilən mallara 25, Çin mallarına isə əlavə olaraq 10 faiz rüsum tətbiq edəcək. Belə çıxır ki, Tramp Çini iki qonşusu – Meksika və Kanadadan fərqləndirmir. O, bu iki ölkədən ABŞ-a misli görülməmiş səviyyədə narkotiklər və cinayətkarlığın daxil olduğunu iddia edib. Trampın sözlərinə görə, iki qonşusuna qarşı yüksək tariflər yalnız narkotik ticarəti və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək”, - deyə ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, bu, Trampın Meksika və Kanadaya təzyiq alətidir:

“O hesab edir ki, Meksika və Kanada onun qaldırdığı problemləri həll etmək iqtidarındadır. Tramp Kanada və Meksika ilə yanaşı, Çindən də ABŞ-a narkotik maddələr daşındığı qənaətindədir. Trampı narazı salan odur ki, adını çəkdiyi ölkələr onun Ağ Evin sahibi olduğu illərdə xəbərdarlıqlarını nəzərə almayıblar. Məsələn, o söyləyib ki, Çinlə ABŞ-a göndərilən böyük həcmdə narkotiklər, xüsusən də fentanil (sintetik opioid) haqda çoxsaylı söhbətlər aparıb, ancaq bunun heç bir nəticəsi olmayıb.

Trampın yenidən Ağ evə qaydışı xəbərdar etdiyi dövlətləri hərəkətə gətirməlidir. Kanada, Meksika və Çin ABŞ-ın əsas ticarət tərəfdaşları olduğundan, bu böyük bazarı itirmək istəməzlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
4
teleqraf.com

7Mənbələr