Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsinin rəisi Elnar İmanov cərimələnib.
XALQ.AZ Qaynarinfoya istinadən məlumat verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Elnar İmanova İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazıb.
192.5-ci maddə işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağldır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Elnar İmanov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. Şəfəq Məmmədova iş üzrə hakim təyin edilib.
FHN-nin Maddi Texniki-Təchizat İdarəsi nazirliyinin ən iri qurumlarından biridir. Elnar İmanov idarə rəisi vəzifəsinə ötən ilin sentyabrında təyin edilib.