AZ

100-dən az şagird oxuyan məktəblərlə həqiqətən nə etmək olar?..

Image

Rəsmi məlumata görə, ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır. Yəni Azərbaycanda çoxlu sayda şagirdlərinin sayı 100-dən aşağı məktəb var. Belə məktəblər əsasən ucqar kəndlərdə yerləşir.

Burada, təbii ki, heç kəsi qınamaq olmaz. Çünki bu problem hansısa səbəbdən yaranıb, hazırda var. 

Bəs problem necə həll olunmalıdır?

Bu məktəblərlə bağlı yanaşmalar müxtəlifdir, bəziləri “bu məktəbləri bağlamaq lazımdır” deyir. Bəziləri isə yaxın kəndlərdə yerləşən belə məktəblərin birləşdirilməsinin tərəfdarıdır. Doğrudan da elə məktəblər var, orda 20-30, maksimum 50 şagirdi təhsil alır, bu məktəblərdə  neçə müəllim saxlamaq olar ki, tələbatı ödəsin? Deyirlər ki, 5-7 kəndin məktəbini böyük bir məktəbdə birləşdirmək, keyfiyyətli tədrisi təşkil etmək olar. Bəzilərinin fikrincə, çıxış yollarından biri doğrudan da budur ki, şagird sayının az olmasına baxmayaraq, o məktəbləri saxlamaq da, onları müəllimlə təmin etmək də olar. Yəni o kəndin şagirdləri 11-ci sinfə qədər o məktəblərdə oxusunlar, müəllimlər də qalsın, maaşlarını alsın. Əlbəttə, dövlət təhsildən gəlir götürmür ki. Təhsilə qoyulan vəsait xalqın gələcəyinə qoyulan investisiyadır. Bu təkliflə çıxış edənlər də var. 

Bəzi ekspertlərə görə, bir neçə kəndin məktəbinin birləşdirilməsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfi də var. Mənfi təsir odur ki, kəndlərdəki məktəblər boş qalır, bəzən lazımsız obyektə çevrilir. Bu baxımdan o maarif, təhsil ocaqlarının bağlanılmasına   əks olanlar da var. Yəni kəndlərdən məktəblərin izinin itirilməsinin də mənfi tərəfləri çoxdur. Bəzi təkliflərə görə isə, Sovet dövründə olduğu kimi, kiçik kəndlərdə şagird sayı az olan məktəblərdə şagirdlər ibtidai sinfi oxusunlar, beşinci sinifdən etibarən qonşu kənddəki daha böyük məktəblərdə təhsillərini davam etdirsinlər. Yəni ən müxtəlif variantlar var və bunlardan istifadə edib optimal variant tapmaq tam mümkündür. 

Məzahir Məmmədli: “O məktəblərin birləşdirilməsində faydalar var”

Tanınmış təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkədə şagird sayı 100-dən aşağı olan 1500 məktəb var: “Şagird sayı 100-dən aşağı olan  məktəblərdə infrastruktur şəraitindən asılı olaraq məktəblərin birləşdirilməsi haqqında bir neçə ildir ki, təlimat var. Elə məktəblər var ki, həqiqətən də orda şagirdin dərs keçməsi mümkün deyil. Şagird sayı 15, 20, 30 olan məktəblər var. Belə məktəblərin  yaxınlıqda yerləşən şəraiti yaxşı olan məktəbə birləşdirilməsi məsələsi var.  Məktəblərin birləşdirilməsi o zaman baş verməlidir ki, şagirdlərin daşınması üçün nəqliyyat vasitəsi ayrılsın, digər məsələlər öz həllini tapsın. Elə məktəblər də var ki, şagirdlərinin sayı azdır, amma yaxın ərazidə də şəraitli məktəb yoxdur, eyni zamanda onların daşınması üçün nəqliyyat problemi mövcuddur. Bu halda o məktəblər yerində də qalır. Sözsüz ki, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin məsul işçilərinin daha ətraflı məlumatları var deyə rəy bildirə bilərlər. Bir ekspert kimi, mənim fikrimcə, o məktəblərin birləşdirilməsində faydalar var. Elə məktəblər var ki, üç ibtidai sinif bir otaqda dərs keçir, hərəsində iki-üç şagird olmaqla ümumilikdə 6-7 şagirdə dərs keçilir. Yaxşı olmazmı, o şagirdlər gedib daha yaxşı, geniş, şəraitli, işıqlı məktəblərdə oxusunlar? 

Mən bu məsələni cəmiyyətin top-tüfənglə qarşılamasının səbəbini başa düşə bilmədim. Mən Elm və Təhsil Nazirliyini müdafiə etmək fikrində deyiləm. Sadəcə, bu məsələ bir qədər yanlış təqdim olunur”. 

M.Məmmədli qeyd etdi ki, o məktəblərin əsas problemləri, davamiyyətin zəif olması, günlərlə o məktəblərin qapsının bağlı qalması, o şagirdlərin taleyi bir tərəfdə qalır, amma biz başqa bir məsələni müzakirə edirik, bu isə problemin həlli üçün çıxış yolu deyil. 

Elyar İslamoğlu: “...Şagird sayı 100-dən az olan məktəblər dərsləri onlayn qaydada da təşkil edə bilər”

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlunun fikrincə, bölgələrdə şagird sayı 100-dən az olan məktəblərin saxlanılması nazirliyin büdcəsindən əlavə vəsaitlərin xərclərməsi deməkdir, eyni zamanda bir məktəbin saxlanılması çox böyük vəsait tələb edir. “Təəssüflər olsun ki, bu məktəblərdə şagird sayı çox azdır, bəzın bir, beş, on şagirdin olduğunu görürük. Əlavə belə məktəblərin saxlanılması əlavə xərclərin olması deməkdir. Amma mümkündür ki, şagird sayı az olan kəndlərin məktəbləri birləşdirilsin və şagirdlər bir məktəbdə oxusunlar. Amma şahirdlər avtobusla təmin edilməlidir. Çünki həmin məktəblər birləşdirilərsə övladının  bir kənddən başqa kəndə getməsi üçün valideyn çalışcaq ki, onu ya taksi, ya şəxsi maşını, ya da bir başqa vasitə ilə məktəbə çatdırsın. Bu da valideyinin büdcəsinə ziyan olacaq. Amma yaxşı olar ki, o kəndlərin məktəbləri birləşdirilsin, bir məktəb olsun, şagirdlər isə avtobusla təmin edilsinlər.   

Bu preoblemi həll etsələr şagird sayı 100-dən aşağı olan məktəblərin əlavə xərcindən qurtarmaq olan, həm də şagirdləri məktəbə rahat çatdırmaq olar ki, bununla da valideynlərin narahatlığına və narazılığına da son qoyulmuş olar. 

Digər tərəfdən, təklif edərdim ki, şagird sayı 100 nəfərdən az olan məktəblərdə dərslər onlayn qaydada keçilsin. İnternet yüksək səviyyədə təmin edilərsə bunu həyata keçirmək olar. Ən azından şagird, məktəb yaşlı uşaqlar olan ailələr üçün internetin qiymətlərində güzəştlər tətbiq edilərsə şagird sayı 100 nəfərdən az olan məktəblər dərsləri onlayn qaydada da  təşkil edə bilər. Amma ən yaxşı variant yaxın kəndlərin məktəblərini birləşdirmək və şagirdləri avtobusla təmin etməkdir. Belə olarsa bu çox faydalı olar...”-deyə E.İslamoğlu qeyd etdi. 

İradə SARIYEVA 





Seçilən
25
baki-xeber.com

1Mənbələr