“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) emissiyaların rəqəmsal panelə çıxarılaraq izlənməsi sisteminin yaradılmasını planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
Onun sözlərinə görə, həmçinin emissiyaların inventarlaşdırılması ilə bağlı ISO 14060 və digər standartların tətbiqi, müvafiq sertifikatlaşdırılmanın aparılması həyata keçirilir:
“ASCO ekoloji cəhətdən təmiz olan elektrik nəqliyyat vasitələrinə tədricən keçid edir. Bununla əlaqədar, ilkin mərhələdə ASCO-nun inzibati binasının yeraltı dayanacağında elektrik avtomobillər üçün 2 ədəd şarjetmə stansiyası istifadəyə verilib. Eyni zamanda ASCO-nun hər iki zavodunda və donanmasında hər struktur idarəyə ilkin olaraq 1 ədəd (ümumilikdə 4 ədəd) şarjetmə stansiyası da quraşdırılıb".
Direktor həmçinin qeyd edib ki, alternativ enerji mənbəyi kimi günəş panellərinin tətbiqinə də başlanılıb:
“Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 ədəd günəş paneli quraşdırılıb. Dəniz Nəqliyyatı Donanmasında külək turbininin quraşdırılması layihəsinin icrasına başlanılıb”.
Ə.Əzizli şirkətdaxili su istehlakının optimallaşdırılmasının da həyata keçirildiyini deyib.