"Avropa İttifaqına inteqrasiyaya sədəqə kimi baxmaq qətiyyən yolverilməzdir..."
Gürcüstan 2028-ci ilin sonunadək Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar aparmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan baş naziri İrakli Koxabidze bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
Onun sözlərinə görə, 2028-ci ilin sonunadək Tbilisi həmçinin Avropa İttifaqı tərəfindən istənilən büdcə qrantlarından imtina edir.
"Avropa İttifaqına inteqrasiyaya onun bizə verəcəyi sədəqə kimi baxmaq qətiyyən yolverilməzdir. Biz görürük ki, avropalı siyasətçilər və bürökratlar ayrılan qrant və kreditləri Gürcüstana qarşı şantaj kimi istifadə edir", - o, deyib.
Koxabidze vurğulayıb ki, 2028-ci ilin sonunda Gürcüstan ilk növbədə iqtisadi cəhətdən 2030-cu ilədək Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara hazır olacaq.
"Koxabidzenin bəyanatlarından sonra Gürcüstan prezidenti Salome Zurabişvili diplomatik korpusla təcili məsləhətləşmələr aparıb, sosial şəbəkələrdə isə Tbilisidə kortəbii mitinqlər anons edilib", - nəşr yazıb.
Gürcüstanın Avropa İttifaqına daxil olması-son xəbərlər
Oktyabr ayında Avropa Şurasının sammiti faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olmasının dayandırılması barədə elan edib.
O cümlədən, qəbul edilən sənəddə Tbilisiyə Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və dayanıqlı islahatların keçirilməsinə çağırış edilib.
Bundan öncə xəbər verilib ki, Gürcüstanda siyasi müxalifət olmadan birpartiyalı sistemin formalaşacağı təqdirdə bu ölkə Avropa İttifaqının üzvü ola bilməyəcək.