Mali, Somali, Nigeriya, Fələstin, Yəmən və daha hansı ölkələrdə qanlı toqquşmalar davam edir?
Son dövrlər 3-cü dünya müharibəsinin olacağı ilə bağlı narahatlıq var. Bəzən ayrı-ayrı dövlətlərin rəsmilərinin açıqlamalarında bununla bağlı eyhamlar vurulur. Ümumiyyətlə, dövlətlər arasında gərgin münasibətlər və müasir texnologiyalarla həyata keçirilən müharibə riskləri, beynəlxalq arenada gərginliklər artır. Xüsusilə Ukrayna ilə Rusiya arasında müharibə, NATO və Çin arasındakı gərginliklər, Yaxın Şərqdə davam edən qarşıdurmalar kimi geosiyasi hadisələr bəzən 3-cü dünya müharibəsinin başlayacağı ilə narahatlığa əsas verir.
Hazırda dünyada bir neçə münaqişə ocağı mövcuddur ki, bunlar müxtəlif səbəblərdən - ərazi iddiaları, etnik və dini qarşıdurmalar, siyasi böhranlardan qaynaqlanır və regional, bəzən də qlobal sabitliyə təhlükə yaradır. Hazırda əsas münaqişə zonası Ukrayna və Rusiya sayılır. İki ölkə arasında müharibə 2014-cü ildə Krımın Rusiyanın nəzarətinə keçməsi ilə başlayıb, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə çevrilib. Səbəbi ərazi iddiaları, Ukraynanın Qərbə inteqrasiya cəhdləri, NATO genişlənməsi ilə bağlıdır. Bu müharibə nəticəsində dünyada enerji böhranı, qlobal ərzaq tədarükündə problemlər yaranıb.
İsrail və Fələstin arasında da uzun müddətdir münaqişə davam edir, amma 2023-cü ilin oktyabr ayında münaqişə yenidən alovlanıb. Səbəbi isə ərazi və dini ixtilaflar, Qəzza bölgəsindəki gərginliklə bağlıdır. Bu münaqişənin ən böyük təsiri mülki itkilər və humanitar böhrandır.
Üçüncü münaqişə ocağı isə Qarabağ və Cənubi Qafqaz gərginliyidir. Azərbaycanla Ermənistan arasında gərginlik Qarabağ məsələsi ilə bağlı uzun illərdir davam edirdi, Ermənistanın 30 ildə Azərbaycan torpaqlarına sahiblənməsi və ərazilərini viran qoymasına 2020-ci ildə 44 günlük müharibə ilə son qoyuldu. 2023-cü ilin payızında Azərbaycanın antiterror əməliyyatları nəticəsində Ermənistan qüvvələri Qarabağdan çıxarıldı. Lakin Ermənistanın havadarı olan dövlətlər hələ də regionda gərginlik yaradır.
Sudanda vətəndaş müharibəsi qeyd edilməlidir. Belə ki, 2023-cü ilin aprelində Sudan Silahlı Qüvvələri ilə Rapid Support Forces (RSF) arasında qarşıdurma başlayıb. Səbəbi hakimiyyət uğrunda mübarizədir. Bu da böyük humanitar böhranla, mülki əhali arasında itkilərin çox olması ilə nəticələnib.
Çin və Tayvan arasında gərginlik də uzun illərdir davam edir. Lakin son illərdə bu gərginlik daha da artıb. Səbəbi isə Çinin Tayvanı öz ərazisi hesab etməsidir. Tayvan isə müstəqilliyini qorumağa çalışır. Bu münaqişə ABŞ-la Çin arasında hərbi qarşıdurma riski yaradır.
Afrikadakı terror qruplarının fəaliyyəti Mali, Somali, Burkina Faso, Nigeriya və başqa ölkələrdə artıb. İŞİD, "Əl-Qaidə" və digər terror qruplarının fəaliyyəti hazırda sabitliyin pozulmasına, iqtisadi geriliyin artmasına səbəb olub.
Daha bir münaqişə ocaqlarından biri Yəməndir ki, burada da vətəndaş müharibəsi 2014-cü ildə Husi qiyamçıları hökumətə qarşı çıxış etdikdən sonra başlayıb. Səbəbi hakimiyyət uğrunda mübarizə və İran-Səudiyyə Ərəbistanı arasında vasitəçi münaqişədir. Bu ərazi dünyanın ən ağır humanitar böhranlarından biri sayılır.
Kosovo və Serbiya arasında gərginlik isə 1990-cı illərdən davam edir, lakin 2023-cü ildə regionda toqquşmalar yenidən artıb. Səbəbi Kosovonun müstəqilliyinin Serbiya tərəfindən tanınmamasıdır. NATO-nun müdaxiləsi və regional sabitlik risklərinin olması böyükdür.
Göründüyü kimi, dünyada baş verən bu münaqişələr bir çox ölkələrə birbaşa və ya dolayı yolla təsir edir və beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlar yaradır.
Ekspertlərə görə, dövlətlər arasında münasibətlərin tənzimlənməsi üçün konfliktlərin qarşısını almaq, mövcud gərginlikləri azaltmaq və davamlı sülhü təmin etmək lazımdır. Bu sırada diplomatik dialoq və vasitəçilik gücləndirilməlidir. Beynəlxalq təşkilatların münaqişə ocaqları olan dövlətlər arasında vasitəçilik etmələri xüsusi vurğulanır. Yeri gəlmişkən, İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi təhlükəsizlik məsələlərini, münaqişə zonalarındakı vəziyyəti və Yaxın Şərqlə artan gərginliyi müzakirə ediblər.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, toplantıda əsas mövzu Rusiya-Ukrayna müharibəsi olub: “Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub. Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb. Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib. Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib.
Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb. Nazirin sözlərinə görə, Rusiya-Şimali Koreya ittifaqı yalnız Avropa üçün deyil, Avropanın Asiyadakı tərəfdaşlarına da təhlükə yaradır. Çünki Şimali Koreya Rusiyaya verdiyi hərbi dəstək qarşılığında Kreml Şimali Koreyanın Cənubi Koreya, Yaponiya və ABŞ-la qarşıdurmasına əməli dəstək verəcək. Bu isə Hind-Sakit okean bölgəsində vəziyyəti gərginləşdirəcək. Andriy Sibiqa Avropa və Hind-Sakit okean bölgəsinin təhlükəsizliyinin bir-birinə sıx bağlı olduğunu bildirib.
Ukrayna xarici işlər nazirinin xüsusi olaraq bu mövzuya diqqət yetirməsinin məqsədi aydındır. Şimali Koreyanın Rusiyaya on minlərlə hərbçi göndərməsi Ukraynada müharibənin miqyasını artıracaq və problemi qloballaşdıracaq. “Böyük yeddilik” Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsini tənqid etsə də, üzv ölkələr Ukraynaya hərbçi göndərmək fikrində deyillər. ABŞ və Avropa dövlətlərinin Çindən gözləntiləri var ki, Pekin Şimali Koreya ilə yaxınlığından istifadə edərək bu dövləti Rusiyaya hərbçi göndərmək fikrindən daşındıracaq. Ancaq Pekinin bu məsələyə qarışmaq fikri yoxdur. Əksinə, Çin Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasından istifadə edərək bölgədəki hədəflərinə çatmaq istəyir. Bu hədəflərdən ən başlıcası Tayvanı Çinə birləşdirməkdir. Çinin hərbi təyyarələri və hərbi gəmiləri Tayvan ətrafında patrul xidmətini davam etdirirlər. Tayvan rəhbərliyi iddia edir ki, Çin kəşfiyyat məqsədilə ada üzərinə hava şarları buraxıb. Pekin Tayvanın hava şarları ilə bağlı iddialarını rədd edərək, onların meteoroloji məqsədlər üçün istifadə olunduğunu açıqlayıb. Bu fakt ötən il də qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarının hava sahəsi üzərində Çinə məxsus kəşfiyyat şarları vurulmuşdu.
Beləliklə, “Böyük yeddilik” həm Avropa və Asiya qitəsinin təhlükəsizlik problemlərini düşünməli, həm də Yaxın Şərqdə qarşıdurmanın dayandırılmasına çalışmalıdır. Vaşinqtonun vasitəçiliyi ilə İsraillə Livan hökuməti arasında nisbi atəşkəs barədə razılıq əldə olunsa da, bu qarşıdurmanın sonu deyil".
Yazını hazırladı: Afaq MİRAYİQ