AZ

Universitetlərin yaxınlığında qumarxanalar dolub-daşır

Nəinki tələbələr, məktəbli uşaqlar da mərc oyunlarına girişir

Əhməd Qəşəmoğlu: “Dəfələrlə diqqət etmişəm və görmüşəm ki, bu zallarda yaşı 18-dən aşağı olan xeyli məktəbli olur”



  Gənclər arasında mərc oyunlarının geniş yayılması artıq ciddi sosial və psixoloji problemə çevrilib. Universitetlərin yaxınlığında yerləşən mərc oyunu mərkəzləri bu problemi daha da dərinləşdirir. Hər gün borc içində batan, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artır. 
Təhsil eksperti Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, asan qazanc illüziyası gənclərin təhsilinə, psixoloji sağlamlığına və ailə münasibətlərinə böyük zərbə vurur:

“Mərc oyunları yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu vərdiş tələbələrin diqqətini dərslərdən yayındırır, onları psixoloji və emosional stresə salır, hətta bəzən cinayətə və ya intihara aparan yolları açır. Bu mərkəzlərin universitetlərin yaxınlığında yerləşməsi isə tələbələri bu təhlükəyə daha asan hədəf edir.
  Universitetlər və dövlət orqanları bu problemin həlli üçün dərhal tədbirlər görməlidir. Mərc oyunu mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının keçirilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir. Valideynlər və müəllimlər də bu məsələdə şagirdləri maarifləndirməli və diqqətli olmalıdır. Unutmayaq, tələbələrin həyatını mərc oyunlarının tələsindən xilas etmək yalnız fərdi məsələ deyil, cəmiyyətin inkişafı üçün zəruri bir addımdır. Bu gün tələbələrimizi qorumaq üçün hərəkət etməsək, sabah onların itirilmiş həyatına şahid olmaq məcburiyyətində qala bilərik”.
  Sosioloq, professor Əhməd Qəşəmoğlu isə "Sherg.az"a  deyib ki, nəinki tələbələr, hətta məktəbli uşaqlar da bu cür oyunlara aludə olurlar:  

“Dəfələrlə mərc oyunlarının oynanıldığı zalların qarşısından keçəndə diqqət etmişəm və görmüşəm ki, bu zallarda yaşı 18-dən aşağı olan xeyli məktəbli olur. Əslinə qalsa, lap əvvəllərdən mərc oyunlarının adı qumardır. Qumar oyunları isə həm islamda haram sayılır, həm də elmi olaraq məlumdur ki, şəxsiyyətin aşınmasına ciddi təsir edir. Tarix də göstərir ki, qumar oyunu hər kəsin həyatında xeyli sosial-psixoloji problemlər yaradır. SSRİ dövründə belə oyunlar narkotika kimi qadağan olunmuşdu.
  Belə oyunların keçirildiyi zallara gedən gənclərin halını özünüz təsəvvür edin. Onların tək özləri mənəvi aşınmaya məruz qalmır, həm də oxuduqları təhsil müəssisəsində qeyri-sağlam mühit yaranmasına təsir edirlər. Gəncləri, uşaqları belə zallara şirnikləndirənlərin, belə zalları işlədənlərin marağı pul qazanmaqdır. Bu sahəyə nəzarət gücləndirilməlidir. Xüsusən də, KİV bu məsələyə diqqəti artırsa, daha yaxşı olar. Tələbələrin təhsil alıb, şəxsiyyət kimi yetişmələri gərəkdiyi halda onların mərc oyunları məntəqələrində olmaları böyük təhlükədir”.

Seçilən
12
sherg.az

1Mənbələr