AZ

“Modern Diplomacy”də Ceyhun Osmanlının məqaləsi yayımlandı

Avropanın nüfuzlu “Modern Diplomacy” analitik portalında politoloq Dr. Ceyhun Osmanlının “COP29 Bakıda: Qlobal iqlim idarəçiliyi və yerli davamlı inkişaf naminə önəmli mərhələ” adlı yeni məqaləsi yayımlanıb. Məqalənin tərcüməsini olduğu kimi təqdim edirik:
  //moderndiplomacy.eu/2024/11/27/cop29-in-baku-a-milestone-for-global-climate-governance-and-local-sustainable-development/ 
Konfrans nəzəri öhdəliklərdən konkret fəaliyyət strategiyalarına keçidin önəmini qeyd edərək, maliyyə bərabərliyi, texnoloji yenilik və iqlim idarəçiliyində inklüzivliyi xüsusi olaraq vurğulayıb. Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı aparılan mübarizənin mühüm məqamına çevrilib. İqlim dəyişikliyinin artan təsirlərini sübut edən məlumatların fonunda keçirilən konfransın məqsədi qlobal istiləşmənin artması, biomüxtəlifliyin azalması və iqlim böhranlarının artırdığı sosial-iqtisadi bərabərsizliklər kimi aktual problemlərə konkret həll yollarınının tapılması prosesini sürətləndirmək idi. Konfrans nəzəri öhdəliklərdən konkret fəaliyyət strategiyalarına keçidin önəmini qeyd edərək maliyyə bərabərliyi, texnoloji yenilik və iqlim idarəçiliyində inklüzivliyi xüsusi olaraq vurğulayıb.
Azərbaycanın COP29-a ev sahibi olaraq seçilməsi dayanıqlı inkişafa keçid dövrünün mürəkkəb dinamikasını simvolizə edir. Tarixən neft və təbii qaz kimi qalıq yanacaqlardan asılılığı olan bir ölkə olaraq Azərbaycanın yaşıl texnologiyalar və bərpa olunan enerji sahəsində bölgənin lideri olaraq tanınma səyləri inkişaf etməkdə olan iqtisadiyyatların qarşılaşdığı genişmiqyaslı çətinlikləri və imkanları nümayiş etdirir. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, eləcə də hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor kimi müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın artırılması naminə əhəmiyyətli bir platforma təqdim edib.
Bu baxımdan, bu məqalənin məqsədi COP29-un ümumi nəticə və faydalarını təhlil etməklə yanaşı iqlim maliyyələşdirilməsi, karbon bazarları, bərpa olunan enerjiyə keçid, şəhərlərin dayanıqlılığı və inklüzivlik kimi vacib sahələrin həllində tədbirin rolunu vurğulamaqdır. COP29-un beynəlxalq və yerli səviyyədə faydalarına diqqət çəkərək məqalə konfransın gələcək iqlim siyasətlərinin formalaşdırılması və dayanıqlı inkişafın təşviqi baxımından transformativ potensialını işıqlandırır.
Əsas nəticələr və töhfələr
İqlim maliyyəsi məqsədlərinin təkmilləşdirilməsi: COP29 iqlim maliyyələşdirilməsi sahəsində əhəmiyyətli bir irəliləyişə imza ataraq inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik 300 milyard dollar həcmində ictimai maliyyələşdirməni artırmaq məqsədilə Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG) təqdim edib. Bu tarixi öhdəlik həssas ölkələrin iqlim uyğunlaşması və təsirlərin azaldılması səylərinə uzun müddət maneə törədən maliyyə bərabərsizliyinin qlobal səviyyədə etirafını özündə əks etdirir. İctimai maliyyələşdirmədən əlavə, razılaşma iqlim problemlərinin həlli üçün 1.3 trilyon dollar həcmində ümumi ictimai və özəl sərmayələrin səfərbər olunmasını da hədəfləyərək güclü maliyyə bazasının təmin olunmasına zəmanət verib. Bu kontekstdə BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Stiel Bakıda keçirilmiş BMT İqlim Konfransında müəyyən edilmiş yeni maliyyələşdirmə məqsədini insanlığın gələcəyi üçün təminat kimi xarakterizə edərək vurğulayıb: “Bu razılaşma təmiz enerji bumunun davamını təmin edəcək və milyardlarla insanın həyatını qoruyacaq. Bu, bütün ölkələrin daha çox iş yerləri, güclü iqtisadi artım, hər kəs üçün daha ucuz və təmiz enerji kimi cəsarətli iqlim tədbirlərinin faydalarından yararlanmasına kömək edəcək. Lakin istənilən sığorta siyasəti kimi bu mexanizm də yalnız ödənişlər tam və vaxtında edildiyi təqdirdə işləyəcək”.
Bundan əlavə, COP29 zamanı inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri, ən az inkişaf etmiş ölkələr və Afrika dövlətləri üçün çoxdan gözlənilən addım olan İtki və Zərər Fondunun (Loss and Damage Fund) tam fəaliyyət göstərməsinə dair mühüm qərar qəbul edildi. Bu təşəbbüs Azərbaycanın COP29 sədrliyi çərçivəsində iqlim dəyişikliyinin kiçik ada dövlətlərinə təsirləri ilə bağlı problemlərin həllində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi prioritetlərə uyğundur.

Karbon bazarlarının fəaliyyətə başlaması: Konfrans Paris Sazişinin 6.4-cü maddəsinin işə salınması prosesini başa çatdıraraq ekoloji toxunulmazlığın ciddi standartlarına riayət edən karbon krediti ticarəti üçün çərçivə yaradıb. Uzun müddətdir, karbon bazarlarının tətbiqində mövcud olan maneələri aradan qaldırmaqla COP29 emissiyaların azaldılması üçün şəffaf və sərfəli mexanizmlərin inkişafını asanlaşdırıb. Bu addım Tərəfdaş Ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə (NDC) doğru irəliləyişi sürətləndirməklə yanaşı emissiyaların azaldılması üzrə beynəlxalq əməkdaşlığı da gücləndirib. Karbon bazarlarının fəaliyyətə başlaması özəl sektorun cəlb edilməsi, iqtisadi stimulları Paris Sazişinin məqsədlərinə uyğunlaşdırmaq və qlobal miqyasda davamlı inkişafı təşviq etmək məqsədilə platforma təqdim edir. COP29-un Prezidenti Muxtar Babayev bu nəticələrə toxunaraq bildirib: “Bu, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsi üçün oyun dəyişdirici bir vasitə olacaq. İllərin durğunluğundan sonra indi Bakıda sıçrayışlar başlayıb. Ancaq hələ çox iş görülməlidir". Bərpa olunan enerjiyə keçidlərin təşviqi: Azərbaycan COP29-u genişmiqyaslı günəş və külək enerjisi layihələri, eləcə də yaşıl enerji zonalarının yaradılması daxil olmaqla, bərpa olunan enerji təşəbbüslərini nümayiş etdirmək üçün bir fürsət olaraq istifadə edib. Bu layihələr qalıq yanacaqların asılılığından dayanıqlı enerji sistemlərinə keçidin mümkünlüyünü göstərir. Konfrans zamanı təqdim olunan COP29 Hidrogen Bəyannaməsi, enerji sistemlərinin dekarbonizasiyasında və emissiyaların azaldılmasının çətin olduğu sektorlarda hidrogen texnologiyalarının rolunu vurğulayır. Azərbaycanın bərpa olunan enerji innovasiyalarında liderliyi qlobal enerji keçidində inkişaf etməkdə olan iqtisadiyyatların transformativ potensialını nümayiş etdirərək digər ölkələr üçün model rolunu oynayır.
Şəhərlərin dayanıqlılığının artırılması və davamlı şəhərlər:  İstixana qazı emissiyalarının əsas mənbəyi həm də iqlim fəaliyyəti üçün kritik arenalar kimi şəhər əraziləri COP29-un əsas diqqət mərkəzində idi. Çoxsektorlu Fəaliyyət Yolları (MAP) Bakı Bəyannaməsi vasitəsilə yaşıl infrastruktura, dayanıqlı nəqliyyata və şəhər planlaşdırmasına investisiyalar yolu ilə şəhərlərin davamlılığını artırmaq məqsədilə hərtərəfli strategiyalar təqdim edilib. Bu təşəbbüs şəhərlərin inklüziv, aşağı karbonlu və iqlimə davamlı mərkəzlərə çevrilməsi zərurətinin qəbul edilməsini əks etdirir.
İnklüzivlik və təhsilin təşviqi: İnklüzivlik gender bərabərliyinin, gənclərin iştirakının və iqlim savadlılığının təmin edilməsinə yönəlmiş xüsusi təşəbbüslərə diqqət çəkərək COP29-un mərkəzi mövzusu kimi ortaya çıxıb. Gender məsələləri üzrə Lima İşçi Proqramının daha bir onillik üçün uzadılması iqlim idarəçiliyində qadınların və həssas icmaların ehtiyaclarının və töhfələrinin əhəmiyyətini vurğulayır. Azərbaycanın iqlim savadlılığını Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) inteqrasiya etməsi, dayanıqlı davranışların təşviqində və gələcək nəsillərin iqlim problemləri ilə mübarizə aparmaq üçün hazırlığında təhsilin rolunu önə çıxarır. Nəsillərarası əməkdaşlıq və inklüzivliyə vurğu edərək COP29 ədalətli iqlim tədbirləri üçün yeni bir standart müəyyən edib.
İqtisadi artım və yaşıl investisiyalar: COP29-un təşkili anında əldə edilən faydalardan əlavə əhəmiyyətli iqtisadi qazanclar təmin edərək Azərbaycan üçün transformativ bir məqam oldu. Konfrans turizm və xidmət sektorlarını canlandırmaqla yanaşı, beynəlxalq ziyarətçiləri, medianın diqqətini və işgüzar maraqları cəlb edərək daha geniş iqtisadi fəaliyyətin katalizatoru kimi çıxış edib. Bundan əlavə, COP29 Azərbaycanın inkişaf trayektoriyasını davamlı maliyyə və iqtisadiyyatın diversifikasiyası üzrə qlobal tendensiyalara uyğunlaşdıraraq yaşıl investisiyalar üçün perspektivli mərkəz kimi profilini yüksəldib. Tədbir vasitəsilə əldə edilən görünürlük və etibarlılıq Azərbaycanın qlobal davamlılıq səylərində potensial olaraq uzunmüddətli investisiyaları cəlb edən və ekoloji cəhətdən şüurlu təşəbbüsləri dəstəkləmək üçün tərəfdaşlıqları təşviq edən mütərəqqi aktor kimi rolunu daha da vurğulayıb.
İqlim idarəçiliyində liderlik: Azərbaycanın COP29-dakı fəal iştirakı onun iqlim idarəçiliyində artan liderliyini və davamlı inkişafla bağlı qlobal müzakirələrə təsir etmək qabiliyyətini nümayiş etdirib. Ölkənin bərpa olunan enerjinin tətbiqi və dayanıqlı şəhər inkişafı sahəsində irəliləyişlərlə dəstəklənən aşağı karbonlu iqtisadiyyata keçidə yönəlmiş strateji diqqəti onu digər inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nümunəyə çevirib. Bu sahələrdə əldə edilən konkret irəliləyişləri nümayiş etdirməklə Azərbaycan davamlı təcrübələrin milli inkişaf strategiyalarına inteqrasiyasının mümkünlüyünü və əhəmiyyətini göstərib.
Bilik mübadiləsi və texnoloji innovasiya: COP29 tərəfindən təmin edilən platforma iqlim dəyişikliyi ilə mübarizə məqsədilə kritik bilik mübadiləsini və qabaqcıl texnologiyaların tətbiqini mümkün edib. Bərpa olunan enerji, şəhərsalma və iqlim uyğunlaşması sahələrindəki yeniliklər maraqlı tərəflər arasında paylaşılaraq ortaq ekoloji problemlərə birgə yanaşmaları təşviq edib. Bu mübadilələrin Azərbaycanın milli iqlim hədəflərinə və daha geniş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində keçidini sürətləndirəcəyi gözlənilir. Bu qabaqcıl təcrübələrin tətbiqi, texnoloji innovasiyaların təşviqində və iqlim böhranına qarşı mübarizə üçün potensialın artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayır.
Nəticə
Bakıda keçirilən COP29 qlobal iqlim idarəçiliyində transformativ məqamı vurğulayaraq ölkələr üçün siyasi ritorikadan real hərəkətə keçmək yolunda platforma təqdim edib. Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi xarakterizə etsə də, konfransın özü iqlim maliyyəsi, karbon bazarları, bərpa olunan enerji mənbələrinə keçid, şəhər dayanıqlılığı, inklüzivlik və digər sahələrə diqqət çəkərək iqlim böhranının həllində beynəlxalq əməkdaşlığın gücünü nümayiş etdirib.
Bundan əlavə, COP29-a ev sahibliyi Azərbaycana davamlı inkişaf və bərpa olunan enerji sahəsindəki innovasiyalarda liderliyini nümayiş etdirmək üçün unikal bir imkan yaradıb. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan konfrans yerli iqtisadi artımı və texnoloji tərəqqini dəstəkləyərək ölkənin qlobal mövqeyini yüksəldib. Azərbaycanın bu təcrübəsi inkişaf etməkdə olan iqtisadiyyatların iddialı iqlim hədəflərini yerli həll yolları ilə necə balanslaşdıra biləcəyini nümayiş etdirən güclü bir nümunədir.
Qlobal miqyasda COP29 ədalətli və inklüziv iqlim siyasətlərinin əhəmiyyətini vurğulayaraq ortaq problemlərin həllində kollektiv məsuliyyət zərurətini bir daha təsdiqləyib. Konfransın nəticələri gələcək iqlim fəaliyyətləri üçün, eləcə də Braziliyanın Belem şəhərində keçiriləcək COP30 və sonrakı tədbirlərdə davamlı tərəqqi üçün zəmin yaradıb. Əməkdaşlıq, innovasiya və inklüzivlik yolu ilə əhəmiyyətli irəliləyişlərin mümkün olduğunu nümayiş etdirərək COP29 qlobal miqyasda davamlı və ədalətli bir gələcəyə doğru səfərdə dönüş nöqtəsi kimi xatırlanacaq.
Dr. Ceyhun Osmanlı,

IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru

Seçilən
1
11
manset.az

10Mənbələr