AZ

Makrona bir səslə “Get!” deyilir...

Respondentlərin 63 faizi prezidentin istefasını istəyib

Ölkədə cərəyan edən prosesləri təhlil etdikdə o qənaət hasil olur ki, hazırda Fransa tarixinin ən pis dönəmini yaşayır. Ölkə bir-birinin ardınca daxili və xarici siyasətdə, müstəmləkə ərazilərində çoxsaylı problemlərlə üzləşir. Ən acınacaqlı cəhət ondan ibarətdir ki, tunelin ucunda işıq görünmür - həllini tapmayan problemlər üst-üstə qalanaraq artır ki, bu da cəmiyyətdə ikrah hissi ilə qarşılanır.  Ümumi ictimai rəy belədir ki,  Fransanın tarixi ənənələrindən və inkişafdan geri dönməsinin əsas səbəbi Makronun yürütdüyü naşı, səriştəsiz siyasətdir.  2024-cü ildə Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə Makronun rəhbərlik etdiyi mərkəzçi koalisiyanın böyük fərqlə uduzması bir daha göstərdi ki, bu gün Fransa cəmiyyətində prezidentə və onun komandasına etimad hədsiz dərəcədə aşağıdır. Əksəriyyət düşünür ki, Makron hakimiyyəti davam etdikcə Fransa daha da geriləyəcək.

Məsuliyyəti Makron daşıyır

Yuxarıda bəhs olunan seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra Makronun könüllü şəkildə Yelisey Sarayını tərk edəcəyi gözlənilirdi.  Ancaq bu, baş vermədi. Makron cəmiyyətin iradəsinə qarşı çıxaraq növbəti prezident seçkilərinədək səlahiyyətlərini təhvil vermək niyyətində olmadığını bildirdi.

Prezidentin yersiz inadkarlığı isə öz növbəsində ölkədə anti-Makron əhval-ruhiyyəsini daha da gücləndirib. Bu gün fransızların təxminən üçdə ikisi (63 %) hökumətə etimadsızlıq göstəriləcəyi təqdirdə, Makronun istefasını zəruri sayıb.

Bu barədə BFMTV telekanalının sifarişi ilə “Elabe” İnstitutu tərəfindən keçirilən sorğuda bildirilib. Sorğuya əsasən, bu istəyi “Milli Birlik” (83%) və “Yeni Xalq Cəbhəsi”nə daxil olan sol partiyaların (76%), həmçinin “Respublikaçılar”ın (48%) və hətta Makronun “İntibah” partiyasının daxil olduğu “Respublika uğrunda Birlikdə” koalisiyasının seçicilərinin 27%-i bölüşür.

Sorğuya görə, fransızların əksəriyyəti hesab edir ki, hökumət etimadsızlıq səsverməsi ilə üzləşərsə, bunun məsuliyyətini Makron daşımalıdır. Respondentlərin 53%-i bu fikirdədir.

Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi son vaxtlarda daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüb.

Yeri gəlmişkən, Fransadakı ümumi ictimai-siyasi ab-havaya uyğun olaraq bu günlərdə Makronun impiçment məsələsi yenidən gündəmə gəlib. Belə ki, solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Makronun impiçment prosedurunu başlatmaq üçün növbəti dəfə təşəbbüs göstərib. Bu barədə AFP agentliyi məlumat yayıb. Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib. Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin impiçment prosedurunu nəzərdə tutur.

Büdcə müzakirələri fonunda pik həddə çatan narazılıq

Makronun həyata keçirdiyi səriştəsiz siyasətə qarşı narazılıq ölkədə büdcə müzakirələri fonunda pik həddə yüksəlib. Belə ki, hökumətə və prezidentə etimad məsələləri Fransanın 2025-ci il üçün büdcəsi ilə bağlı səsvermə fonunda fəal müzakirə olunur. Hakimiyyət onun qəbulu üçün parlamentin səsverməsi olmadan qanunların təsdiqlənməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməyi planlaşdırır. Bu addım nümayəndələri etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etmək niyyətində olan müxalifətin kəskin tənqidinə səbəb olub.

Sorğuya əsasən, Mişel Barnye hökuməti etimadsızlıqla üzləşərsə, o zaman fransızlar siyasi mənsubiyyəti olmayan ekspertlərdən ibarət “texniki” hökumətin formalaşdırılmasını istəyirlər (69%). Bu ssenari sol partiyalarla prezident düşərgəsi arasında koalisiya variantından (44%) daha populyardır.

Daha əvvəl Makron bildirmişdi ki, iqtisadi qeyri-sabitlik şəraitində büdcənin operativ təsdiqlənməsi üçün 49.3-cü maddədən istifadə zəruridir. Müşahidə edilən odur ki, Makron iqtidarı son vaxtlarda qanunların təsdiqlənməsi üçün müxtəlif bəhanələr gətirməklə tez-tez bu üsuldan istifadə edir.  Cəmiyyət isə bunu çox doğru olaraq hökumətin Fransanın demokratik ənənələrindən imtina etməsi anlamında dəyərləndirir. Verilən məlumatlara görə, bu gün Fransa əhalisinin təxminən 53 faizi Baş nazir Mişel Barnye hökumətinin təklif etdiyi büdcədən narazı olduğu üçün onun istefaya getməsini istəyir. Bunu cümə axşamı “Sud Radio” üçün dərc olunmuş “Ifop-Fiducial” sorğusu sübut edir. Sorğuda iştirak edənlərin 67 faizi vergiləri artırmaq və xərcləri 60 milyard avro azaltmaqla Fransanın şişirdilmiş hökumət kəsirini aşağı salmaq məqsədi daşıyan Barnye büdcəsinə qarşı çıxıb.

Baş nazirin parlamentdə ifrat sağçı və solçu rəqibləri etimadsızlıq səsverməsi tələb edərsə, Barnye hökuməti Miladdan əvvəl və bəlkə də gələn həftə istefa verə bilər. Bunu siyasi spektrdə onlarla mənbə iddia edir. Qeyd edək ki, noyabrın 26-27-də aparılan “Ifop-Fiducial” sorğusuna 1006 nəfər qatılıb.

Mübariz FEYİZLİ

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr