Cari ilin III rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub.
Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Məlumatda bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Qeyd olunub ki, banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
“2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olmuşdur. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olmuşdur. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir etmişdir”, - deyə məlumatda qeyd olunub.