“Makronun anti-Azərbaycan siyasətinin mahiyyətində türk düşmənçiliyi dayanır”.
Bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində Fransanın Azərbaycana qarşı apardığı əks- təbliğatla bağlı fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, Makronun siyasi baxışlarında türkfobiya hökm sürür.
“Makron həm Azərbaycan, həm də Türkiyə ilə münasibətdə barışmaz siyasət yürüdür. Amma buna baxmayaraq, Azərbaycan və Türkiyə qarşısında məğlub olur, dəfələrlə burnu ovulur, beynəlxalq səviyyədə biarbır edilir, tam şəkildə küncə sıxışdırılıb. Azərbaycan və Türkiyənin artan qüdrətini, inkişafını və çiçəklənməsini həzm edə bilməyən Makron Ermənistanı revanşizmə sövq edir, Ermənistanı Azərbaycana qarşı aqressiv münasibət sərgiləməyə vadar edir və Cənubi Qafqazda sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olunmasına əngəl olur”.
O bildirib ki, eyni zamanda Paris özünün yaxşı münasibətdə olduğu Hindistan və Yunanıstanı da özünə tərəf çəkərək Ermənistanı silahlandırır:
“İrəvanı Azərbaycanla müharibəyə təhrik edir. Fransanın əsas hədəfi Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmaqdır. Halbuki Paris çox yanılır. Çünki onun qarşısında təkcə Azərbaycan və Türkiyə deyil, həmçinin Rusiya və ABŞ da dayanıb.
Heç bir şəkildə inkar oluna bilməz ki, Fransanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti fiaskoya uğrayıb. Bu gün Makron ölkəsində öz siyasi nüfuzunu itirib, onun hökuməti iki dəfə istefa vermək məcburiyyətində olub, hətta Makronun impiçment məsələsi də gündəmə gələ bilər. Fransanın anti-Azərbaycan və anti-Türkiyə siyasətinin perspektivi yoxdur və o, bu siyasətdə uduzub”.