AZ

Boris Conson Britaniya ordusunu Ukraynaya girməyə ÇAĞIRDI: Rusiya "100 minlik ordu gəlir", xəbərini yaydı

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynadakı vəziyyətlə bağlı yeni bəyanat verib.

O, Britaniya ordusunun Ukraynada atəşkəs rejiminin dəstəklənməsi üçün yerləşdirilə biləcəyini bildirib.

Conson "The Telegraph"ın “Ukraine: The Latest” adlı podkastına müsahibəsində Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətləri təqdim etməsinin vacibliyini vurğulayıb:

“Rusiya sadəcə yenidən silahlanıb bir neçə ildən sonra hücum edə bilməməlidir. Bunun qarşısını almaq üçün NATO çərçivəsində təhlükəsizlik zəmanətləri vacibdir. Mən Ukraynanın NATO-ya üzvlüyünü alternativsiz hesab edirəm.”

Britaniya ordusunun Ukraynada rolu

Keçmiş Baş nazir bildirib ki, Ukraynada çoxmillətli Avropa sülhməramlı qüvvələrinin bir hissəsi kimi Britaniya hərbçiləri də yer almalıdır. Sitat: “Biz orada olmalıyıq. Düşünmürəm ki, ruslarla döyüşmək üçün döyüş qüvvələri göndərməliyik. Amma sülh prosesinin bir hissəsi kimi Avropa sülhməramlı qüvvələrinin sərhəddə nəzarəti təmin etməsi və ukraynalılara kömək etməsi zəruridir. Bu prosesdə Britaniyasız belə bir Avropa əməliyyatının mümkün olduğunu görmürəm.”

Consonun tarixi məsuliyyətə çağırışı

Boris Conson əlavə edib ki, Böyük Britaniya 1994-cü ildə ABŞ və Rusiya ilə birlikdə imzaladığı Budapeşt Memorandumu çərçivəsində Ukraynaya qarşı mənəvi məsuliyyət daşıyır. Memoranduma əsasən, Ukrayna nüvə silahından imtina edib, əvəzində onun ərazi bütövlüyü və suverenliyi təmin edilməli idi.

Keçmiş Baş nazirin bu çağırışı Böyük Britaniyanın Ukrayna ilə bağlı daha fəal siyasət yürütməsi üçün təzyiqləri artırır.

Consonun sözləri həm də Avropada sülh və təhlükəsizliyin təmin olunması məsələsində Britaniyanın mühüm rol oynayacağını bir daha vurğulayır.

Bununla yanaşı Rusiya mediası bu gün sensasion açıqlama ilə çıxış edib.

Rusiya kəşfiyyatının məlumatı olduğu iddia edilən materialda qeyd olunur ki, Qərb ölkələri Ukrayna ərazisində “sülhməramlı kontingent” adı altında öz hərbi qüvvələrini yerləşdirmək üçün hazırlıq görür. Bu kontekstdə Britaniyanın keçmiş Baş naziri Boris Consonun da Britaniya ordusunu Ukraynada fəaliyyətə çağırması, prosesin ciddiliyindən xəbər verir.

Rusiya tərəfi Boris Consonun bu çağırışını və Qərbin planlarını genişmiqyaslı işğal hazırlığı kimi təqdim edir. Prosesin arxasında duran geosiyasi məqsədlər hələlik tam aydın olmasa da, Qərbin və Rusiyanın Ukrayna böhranına yanaşmaları arasındakı uçurumun daha da dərinləşəcəyi gözlənilir. Bu, bölgədə yeni hərbi və siyasi gərginliklərin yaranma ehtimalını artırır. Musavat.com

Seçilən
2
39
paytaxt.org

10Mənbələr