AZ

Polşa Prezidentinin Aİ-nin təxribat missiyasının “binokl şousu”nda iştirakı təəssüf doğurur – RƏY

Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının (Aİ) təxribat missiyasının “binokl şousu”nda iştirak etməsi təəssüf doğurur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu:

“Vətən müharibəsi və antiterror tədbirləri, eləcə də COP29-da əldə olunan nəticələr Prezident İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir. Belə ki, Aİ-nin “müşahidə missiyası”nın səyləri puça çıxandan sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşması revanş missiyasına start verildiyini göstərir”.

“Təəssüflər olsun ki, bu prosesdə bəzi beynəlxalq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur. Polşa Prezidenti Andjey Dudanın Aİ təxribat missiyasının “binokl şousu”nda iştirak etməsi bu mənada təəssüf doğurur. Ancaq dünya güclərinin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir”, – deputat qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Polşa Prezidenti Andjey Duda Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə məntəqəsində olub. Orada ölkəsinin təmsilçiləri ilə görüşüb.

Bu missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb. Onun başçısı Markus Ritter (Almaniya), müavini isə polşalı Marek Kuberskdir. Onun fəaliyyətinə Azərbaycan tərəfi birmənalı razılıq verməsə də, missiya Ermənistan-Azərbaycan şərti sərhədinin yaxınlığında yerləşdirilib. Missiyanın himayəçisi isə Fransadır.

Seçilən
10
2
nocomment.az

3Mənbələr