Suriyada Bəşər Əsədə müxalif “Təhrir əş-Şam” silahlıları cəmi 3 gün ərzində 56 yaşayış məntəqəsini ələ keçirərək, Hələbə daxil olub.BUTA.TV xəbər verir ki, SEPAH generalı, milislərə rəhbərlik edən Keyumərs Purhəşmi də bu gün öldürülüb, onlarla rejim əsgəri əsir düşüb. Bu isə Suriya rejiminə və rejimi dəstəkləyən İranın maraqlarına ciddi zərbədir. Türkiyə mediası yazır ki, yerdə mövcudluğunu təmin edə bilməyən Əsəd rejimi müxalifətin nəzarətində olan nöqtələri fərq qoymadan havadan bombardman etməklə kifayətlənir. Bu məqamda Türkiyə hansı addımı atacaq? Mövzunu Haber7-yə şərh verən Ədalət Strateji Araşdırmalar Mərkəzinin strateqi, istefada olan polkovnik İbrahim Keleş müxalifətin əsas prioritetinin çadırlarda yaşayan suriyalı mühacirlərin evlərinə qayıtmasını təmin etmək olduğunu bildirib. O, İsraillə Livan arasında əldə olunan atəşkəsdən sonra Hələbin Tel-Rıfatla birlikdə PKK-nın nəzarətinə keçmə ehtimalının yüksək olduğunu xatırladıb: “İsrail ilə PKK-YPG arasında inkişaf edən əlaqələr, PKK-çılara İsrail vətəndaşlığı təklifi kimi inkişaflar bizə bəzi işarələr verir. Bunların vasitəsilə İsrail Suriyanın şimalına doğru irəliləyir. Deyə bilərik ki, Livan bitdi, amma bu dəfə növbədə Suriyadır və indi müxtəlif mərhələlərdə İsrail Suriyaya sahib çıxmağa, onu ələ keçirməyə çalışacaq. O, bunu PKK vasitəsilə edəcək. PKK bölgəni nəzarət altına alırsa, bu, İsrailin nəzarəti altına alması, İsrailin Suriyaya daxil olması deməkdir. Ona görə də o bölgədəki müxalifətin heç olmasa Hələb və onun yaxın ətrafını nəzarətə götürməsi və həmin torpaqları sahiblərinə verməsi lazımdır”. Onun sözlərinə görə, müxalifət (“Təhrir əş-Şam” – red.) Hələbdə möhkəmlənərsə, Türkiyədəki suriyalılar bu şəhərə dönə bilər. Ekspert bildirib ki, bölgədə qarşıdurmaların şiddətlənəcəyi təqdirdə Türkiyənin Tel-Rıfatda əməliyyat keçirməsi ehtimalı yüksəkdir: “Ancaq bölgəyə təkbaşına girməyəcək, Azad Suriya Ordusu (Türkiyənin dəstəklədiyi silahlı müxalifət – red.) bölgədədir, Türkiyə yalnız ümumi təhlükəsizliyi təmin etmək üçün bölgədə ola bilər”.