Bu gündən "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata görə, təmir müddətində qatarlar "qırmızı" xətt üzrə ("İçərişəhər" stansiyasından) və "yaşıl" xətt üzrə ("Dərnəgül" stansiyasından) "Əhmədli" stansiyasına qədər hərəkət edəcəklər. İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq.
Günün pik saatlarında (07:00-10:00 və 17:30-19:30) "28 May" - "Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.