Bu gündən "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Təmir müddətində qatarlar "qırmızı" xətt üzrə ("İçərişəhər" stansiyasından) və "yaşıl" xətt üzrə ("Dərnəgül" stansiyasından) "Əhmədli" stansiyasına qədər hərəkət edəcəklər. İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq.
Günün pik saatlarında (07:00-10:00 və 17:30-19:30) "28 May" - "Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
"Bakmil" istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də bu gündən dəyişdirilib. "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Bu stansiyadan qatarların hərəkəti yalnız "Əhmədli" stansiyasına və geri olmaqla təşkil olunacaq. "Əhmədli" və "Həzi Aslanov" stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
Yaşıl xəttin "Xətai" - "Cəfər Cabbarlı" mənzili və "bənövşəyi" xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.