AZ

Ayxan Abbasov: “Hansı yükün altına girdiyimizi bilirik”

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Kəpəz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Üzücü məğlubiyyət oldu. Matçın stressli, ağır keçəcəyini bilirdik. Futbolçular çalışır istəklidir. Sonluq çatmır. Epizodları dəyərləndirə bilmirik və ucuz səhvlər edirik. Təəssüf… Futbolçulara da dedim, bu durumdan çıxmaq lazımdır. İkinci dövrə xal baxımından yaxşı keçmir. Qışa qədər istədiyimiz xalları yığmaq şansımız var. Çətinlik olacaq, buna hazır olmalıyıq. Hansı yükün altına girdiyimizi bilirik. Toparlanın, gələcək oyunlara hazırlaşacağıq.

– Ardıcıl 2 oyundur, qapınıza penalti təyin edilir. Bu, nə ilə bağlıdır?
– Bugünkü oyunda top oyunçumuzun əlinə dəymişdi. Səhv etmirəmsə, qapısına ən çox penalti təyin edilən komandayıq. Diqqətsizlik var. Əvvəlki oyunda da, bu gün də.

– Azarkeşlər sizi istefaya səsləndi. Sizcə, onların sizdən gözləntiləri nədir?
– Azarkeşlər nəticəyə görə məyusdur. Lakin reallığı başa düşməliyik. Birinci dövrəni çox yaxşı keçirdik və gözləntiləri artırdıq. Əvvəldən çətin oyunlarımızın olacağını demişdim. Futbolda xırda detallar nəticəyə təsir edir. İkinci dövrədə xal qazana biləcəyimiz oyunlar var idi, amma olmadı. Həvəsdən düşməməliyik. Son sıraya yaxınıq, amma birinci dövrədəki kimi bir dövrə keçirsək, bu xallar Premyer Liqada qalmağımıza kömək edəcək.

– Luis Paçu sizin komandanızda diqqət çəkmişdi. Sonra bir müddət kənarda qaldı və “Kəpəz”ə keçdi. Bu gün isə oyunun qəhrəmanı oldu…
– Paçu bəyəndiyim oyunçudur. Lakin heyfslənmək üçün gecdir. Transferlər üçün çalışırıq.

– İlkin Muradov nə üçün klubdan ayrıldı?
– İlkinlə söhbətimiz oldu, özü də bilir. Xarakterlərimiz düz gəlmirsə, böyütmək lazım deyil. Komandaya pis təsir edəcək nəyinsə olmasını istəmədik. İlkinin debütü mənim rəhbərliyim altında olmuşdu. Lakin fikirlər üst-üstə düşməyəndə yollar ayrılmalıdır.
– Qurban Səfərov 2 iı öncə potensiallı uşaqlardan sayılırdı. Lakin bu gün 3-5 dəqiqə şans qazanır.

– Hələ gəncdir. İki həftə zədəli oldu. Potensiallı gənclərimiz var və onlar artırmalı, məsuliyyəti dərk etməlidirlər. Edqar, Qurban, Rauf U-21 yığmasının üzvləridir. Premyer Liqa oyunlarında daha rahat oynamalıdırlar.

Seçilən
48
futbolpress.az

1Mənbələr