Gürcüstan polisi Tbilisidə parlament binası yaxınlığında baş vermiş etiraz aksiyasını tamamilə dağıdıb.
Bu haqda hadisə yerindən APA-nın xüsusi müxbiri məlumat verib.
Onun sözlərinə görə polis aksiya iştirakçılarını Rustaveli prospektindən tamamilə çıxarıb.
Etirazçılar ətraf küçələrə dağılmış vəziyyətdədirlər. Aksiya yerinə çoxlu sayda təcili tibbi yardım avtomobili cəlb olunub.
Qeyd edək ki, polis eksiyanı dağıtmaq üçün su şırnağından və göz yaşardıcı qazlardan istifadə edib.
***
02:22
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçıları saxlamağa başlayıblar.
APA TASS-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Çiçinadze və Zurabaşvili küçələrinin kəsişməsində, parlament binası tərəfində həbslər aparır.
Əvvəlcə etirazçılara qarşı su şırnaqlarından istifadə edilib, daha sonra polis onları saxlamağa başlayıb. Hazırda bir neçə nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik saxlanılanların dəqiq sayı barədə məlumat verməyib.
Əldə olunan məlumata görə Tbilisidə parlament binası yaxınlığında etirazçıların pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
***
00:48
Tbilisidə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb.
Etirazçılar polisə daş və pirotexniki vasitələr ataraq qarşılıq verir.