AZ

Tbilisidə etiraz aksiyaları hələ də davam edir - VİDEO - YENİLƏNİB3

Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.

Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.

Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.

Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.

***

02:36

Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.

Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.

Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.

Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.

***

02:22

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçıları saxlamağa başlayıblar.

APA xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Çiçinadze və Zurabaşvili küçələrinin kəsişməsində, parlament binası tərəfində həbslər aparır.

Əvvəlcə etirazçılara qarşı su şırnaqlarından istifadə edilib, daha sonra polis onları saxlamağa başlayıb. Hazırda bir neçə nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik saxlanılanların dəqiq sayı barədə məlumat verməyib.

Əldə olunan məlumata görə Tbilisidə parlament binası yaxınlığında etirazçıların pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.

***

00:48

Tbilisidə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb.

Etirazçılar polisə daş və pirotexniki vasitələr ataraq qarşılıq verir.

Seçilən
12
6
apa.az

10Mənbələr