Prezident Bəşər Əsədə qarşı döyüşən müxalif qrupların Hələbə hücumu nəticəsində onlarla Suriya əsgəri həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Suriya ordusu müxaliflərin 2016-cı ildən etibarən rəsmi hakimiyyətin nəzarətində olan Alepponun böyük hissəsini ələ keçirdiyini təsdiqləyib. Bu səbəbdən hökumət qüvvələri yenidən mövqelərini dəyişmək məcburiyyətində qalıblar.
Müxalif qrupların "Reuters"ə danışan iki mənbəsi onların İdlib əyalətindəki Mərat əl-Nüman şəhərini də nəzarətə götürdüklərini bildirib. Hərbi teleqram kanallarının verdiyi məlumatlara əsasən, Suriya ordusu Hama əyalətinin şimalındakı Murək, Süran və Mardes şəhərlərini döyüşsüz tərk edib.
Ekspertlər bu irəliləyişi Suriyada mövcud münaqişənin daha da dərinləşməsi kimi qiymətləndirir. Müxalif qrupların irəliləməsi həm siyasi, həm də hərbi balansı dəyişə bilər.