1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu gün bəzi qüvvələr Qərbin Gürcüstanla bağlı məkrli ssenarisini həyata keçirməyə cəhd edirlər. Qərb siyasətçiləri Gürcüstanda yalnız sabitliyi pozan qüvvələrə dəstək verərək nəyəsə nail olmaq istəyirlər".
Bu sözləri "Report"a gürcü politoloq Petre Mamradze deyib.
O, qeyd edib ki, bununla belə, xalq baş verənləri görür və məsələnin əsl mahiyyətini başa düşür. Ona görə də, heç bir sabitliyin pozulmasından söhbət gedə bilməz.
Politoloqun sözlərinə görə, buna baxmayaraq, onlar yenə də, hansısa yollarla maksimum səy göstərərək, xalqın fikirlərinə önəm verən və onun gələcəyi üçün qanunları qəbul edən hökuməti devirib, özlərinə qul olan başqa qüvvələri hakimiyyətə gətirməyə çalışırlar: "Onların dəstəklədiyi hakimiyyət də Qərbin qulu olacaq və onların bütün dediklərini edəcək. Həmin qüvvələr hakimiyyətə gəldikdə, ilk olaraq "Xarici təsirin şəffaflığı haqqında" Qanunun ləğvinə çalışacaqlar. Bu yolla xaricdən gələn maliyyəni heç bir yoxlama və nəzarət olmadan mənimsəmək istəyəcəklər. Sonra isə məqsədləri LGBT-nin təbliğinə nail olmaq, ailə dəyərləri ilə bağlı qanunu ləğv etməkdir. Amma gürcü xalqı başa düşür ki, bu oyunlara getmək lazım deyil".
Politoloq qeyd edib ki, Kiyev özü Qərbdə Ukrayna üçün ikinci cəbhəni açmaq mümkün olmadığını etiraf edib: "Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhəni açmaması isə təbii ki, Qərbin düşüncəsində xəyanət sayılır. Amma əslində Qərb bunu başqa ölkələrin əli ilə həyata keçirmək istəyir. Avropa da indi maksimum dərəcədə çalışır ki, dəstəklədiyi müxalifəti hakimiyyətə gətirib, hazırkı hakimiyyətin dövründə həyata keçirə bilmədikləri məkrli planları reallaşdırsın.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin məlum qərarları əslində məcburi idi. Çünki son 4 ildə Avrointeqrasiya və Avropadan gələn maliyyə məsələsi Gürcüstanın hazırkı dövrdə Avropa tərəfdən şantaj edilməsi ilə nəticələnir. Çünki Avropa biz onların dediklərini edək deyə, Gürcüstana yardım edirdi. İndi isə hökuməti hədələyərək deyirlər ki, maliyyəni müxalifət media kanallarına və özlərinə yaxın olan, hökumətə qarşı çıxan QHT-lərə ayıracağıq. Ukrayna və Moldovadan yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, bizi Aİ-yə qəbul etmirlər. Çünki mövcud hakimiyyət onların dediklərini etmir və gürcü xalqının milli maraqlarını qoruyur. Bu cür şantaj və hər zamankı təzyiqlər hakimiyyətin səbrini tükətdi və belə qərar qəbul edildi. İndi isə Qərbin Gürcüstana təzyiq göstərmək üçün başqa mexanizmi qalmadı".
"Noyabrın 30-da bütün gecə xüsusi hazırlanmış qruplar polislə çaxnaşma yaratmağa çalışdılar. Hər kəsin artıq dağılışdığını görən qruplar polisə müxtəlif əsyalar atmağa, onlara ziyan vurmağa eləcə də ətrafda olan hər şeyi dağıtmağa, sındırmağa başladılar. Çünki gürcü xalqının dinc şəkildə aksiya keçirməyi onları dəstəkləyən qrupların xoşuna gəlmədi. Onlara dinc aksiya yox, ətrafa ziyan vurmaq, qarışıqlıq yaratmaq lazımdır", - politoloq vurğulayıb.
P.Mamradze deyib ki, əgər Avropa danışıqlara başlamaq istəyirsə, buyursun, sadəcə, Gürcüstan bu məsələ ilə bağlı 2028-ci ilə qədər onları narahat etməyəcək: "Ona görə də, Qərb bu iğtişaşları törədir. Yaxşı ki, gürcü polisi maksimum səbir nümayiş etdirib sona qədər təmkinlə davrandı. Daş, pirotexniki vasitələrin altında saatlarla dayanıb, sakit qalmaq gürcü polisinin aliliyidir, xalqı sevməyidir".
P.Mamradze bildirib ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski dayanmadan ancaq şər atır və yalan danışır: "Bu ölkədə hələ onun kimi yalançı səfir olmayıb. Hələ utanmadan çıxıb danışır ki, qəbul etdiyiniz qərarları geri çəkin, biz sizi Aİ-yə qəbul edirik. Sanki oyun oynayır. Ərazi bütövlüyümüzü bərpa etmədən bu necə mümkün olacaq. Axı bilirik torpaqlarımız necə işğal edilib. Avropa üçün bizim ərazi bütövlüyümüzün bərpası yox, çirkin niyyətlərini həyata keçirmək lazımdır.
Onlar indi isə başlayıblar ki, seçkilər yenidən keçirilsin. Axı buna niyə gedilməlidir? Bu olmayacaq. Qərb ölkələrinin səfirləri, xüsusən də, Almaniyanın səfiri ağılasığmaz açıqlamalar verir. Bu cür adamları ciddiyə almaq lazım deyil. Axı onlar kimdir ki, bu düşüncə ilə səfir olublar".