“Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” anlayışı ilə ifadə olunan bağ son dərəcə güclüdür. Təbii ki, bu birliyin çox qədim kökləri var. Eyni soyun övladları olan bu iki xalqın tarixi bağlarla yanaşı, güclü mədəni və etnik birliyi də var”.
Bu fikirləri Sherg.az”a açıqlamasında Qazi Universitetinin müəllimi Prof.Dr. Fahri Temizyürek bildirib.
O söyləyib ki, son zamanlar xüsusilə hərbi sahədə əməkdaşlıq çox güclü həmrəyliyin məhsuludur:
“Türkiyə qardaş Azərbaycanın işğal altında olan torpaqlarının azadlığının bərpası istiqamətində ciddi dəstək verib. Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq birgə hərbi təlimlər keçirilir və Türkiyənin Azərbaycan ordusunun yenilənməsi üçün verdiyi təlim və texniki dəstək qardaşlıq bağlarını daha da gücləndirir. Qarabağ zəfərindən sonra Türkiyə ilə Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar türk dünyasının gələcəyi üçün son dərəcə əhəmiyyətlidir. Bu dəhliz Türkiyə ilə Türküstan arasında birbaşa quru əlaqəni təmin edəcəyi üçün strateji əhəmiyyətə malikdir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisindən kənara çıxıb, müttəfiqlik səviyyəsinə yüksəlib. Təbii ki, bu əlaqələr təkcə hərbi sahədə deyil, iqtisadi sahədə də özünü göstərir. Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri və TANAP (Trans Anadolu Təbii Qaz Boru Kəməri) kimi nəhəng layihələr qardaşlığın iqtisadi sahədə də özünü göstərməsinə şərait yarad;b. Bu gün Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Hətta daim artan ticarət həcmi son illərdə ciddi sürət qazanmışdır”.
Fahri Temizyürek vurğulayıb ki, iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, təhsil və mədəniyyət sahələrində də mühüm irəliləyişlər, birgə fəaliyyətlər göz qabağındadır:
“Tələbə mübadiləsi proqramları və birgə mədəni layihələr əlifba birliyimizi və qardaşlıq bağlarımızı daha da gücləndirir, gələcək birgə fəaliyyətlərə zəmin hazırlayır. Bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında uğurlu nümunə olan Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr regional sabitlik və əməkdaşlıqda mütləq nəzərə alınmalıdır. Yaxın gələcəkdə bu əməkdaşlıq ümumi məqsədlər çərçivəsində enerji, infrastruktur, kənd təsərrüfatı və texnologiya kimi sahələr də genişləndirilməli və davam etdirilməlidir. Digər tərəfdən gömrük rüsumlarının azaldılması, kommersiya qanunvericiliyinin asanlaşdırılması, TANAP kimi layihələrin genişləndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı da ticarət həcmini sürətlə artıracaq. Ticarətin inkişafında nəqliyyat çox vacibdir. Tezliklə Bakı-Tiflisi-Qars dəmir yolundan səmərəli istifadə artırılmalıdır. Beləliklə, iki ölkənin logistik üstünlükləri daha da inkişaf etdirilə bilər. Eyni zamanda tələbə mübadiləsi proqramları çərçivəsində mövcud kvotalar artırılmalı və daha çox tələbənin təhsil alması təmin edilməli, tərəfdaş universitetlərin yaradılması üçün təlim proqramları hazırlanmalıdır. Məsələn, birgə texnoparklar yaradılmalı, rəqəmsallaşma sahəsində bilik və təcrübələr paylaşılmalıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün fəaliyyətlər konkret layihələrlə dəstəklənməlidir. Hər iki ölkənin turizm baxımından son dərəcə zəngin inventarı var. Birgə turizm paketləri, turistik yerləri özündə birləşdirən birgə turlar yaratmaqla turizmi daha da stimullaşdırmaq olar. Eyni zamanda qarşılıqlı uçuşlar artırıla bilər. Yuxarıda qısaca ifadə etməyə çalışdığımız bu cür əməkdaşlıqlar, araşdırmalar və sərmayələr Türkiyə və Azərbaycan haqqında “bir millət, iki dövlət” anlayışını daha da gücləndirəcək, xalqın təhlükəsizliyini və rifahını yüksəldəcək”.