Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.Bu barədə İşgüzar Şuradan bildirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan – Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
www.anews.az