Çin rəsmilərinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, BRİKS çərçivəsində ölkələrlə əməkdaşlığı gücləndirməyi planlaşdırdıqlarını bildirib.
Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
“Çin müxtəlif sahələrdə ticarət əməkdaşlığı dərinləşdirmək və qlobal iqtisadiyyatın davamlı və sabit artımına daha çox töhfə vermək üçün BRİKS tərəfdaşları ilə işi davam etdirməyə hazırdır”, – Jian bildirib. O, BRICS-in blok münaqişəsində iştirak etmədiyini və dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri təmsil etdiyini vurğulayıb. Dekabrın 1-də Tramp BRİKS ölkələri öz valyutalarını yaratmaq planlarından əl çəkməsələr, onlara 100% tariflər tətbiq edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, beynəlxalq ticarətdə dolları əvəz etməyə çalışan istənilən ölkə Amerika ilə vidalaşacaq. Trampın sözlərini şərh edən Cənubi Afrika Xarici İşlər Nazirliyinin sözçüsü Kleyson Monaila bildirib ki, BRİKS ölkələri vahid valyuta yaratmağı planlaşdırmır.
//Gülnarə Abasova, Editor.az