Ukrayna NATO-ya üzv olmaqdan başqa, istənilən təhlükəsizlik zəmanətindən imtina edir.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Departamentin rəhbəri Andrey Sibiqanın bunu dekabrın 3-4-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə təqdim edəcəyi gözlənilir. Bu arada, alyans üzvləri hələ də bu məsələdə razılığa gələ bilməyiblər.
Ukrayna Xarici İşlər Nazirliyi bəyanatında 1994-cü il dekabrın 5-də imzalanmış Budapeşt Memorandumunu (Rusiya Federasiyası, ABŞ və Böyük Britaniyanın təhlükəsizlik zəmanətləri müqabilində Ukrayna ərazisindən Rusiyaya nüvə silahının verilməsini nəzərdə tutan) tənqid edib və bunu “zəif uzaqgörənliyin abidəsi” adlandırıb. “Biz əminik ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, habelə Rusiyanın Ukraynaya və digər dövlətlərə qarşı növbəti təcavüzünün qarşısının alınması Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyüdür, başqa bir alternativ qəbul etməyəcəkdir”, – hesabatda deyilir.
Ukrayna Xarici İşlər Nazirliyi həmçinin Ukraynanın alyansa dəvətini “indi” dəstəkləməyə çağırıb. NATO-ya dəvət Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı”nın bəndlərindən biridir. Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanın alyansa qoşulmaqdan imtinasını sülh danışıqlarının bərpası üçün şərtlərdən biri adlandırıb. Adını açıqlamayan NATO mənbəsi “Reuters” agentliyinə deyib: “Konsensusa nail olmaq həftələr və aylar çəkəcək”. Adının çəkilməsini istəməyən amerikalı rəsmi bildirib ki, nazirlərin Brüssel görüşündə mümkün danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirmək üçün ona dəstəyin genişləndirilməsi müzakirə olunacaq.
//Samir Qurbanov, Editor.az