Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16-da COP29-da təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil olunan tədbirdə çıxış edən AR Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında uğurla başa çatmış COP29 - da beynəlxalq sülhə xüsusi diqqət ayrıldığını qeyd etdi. COP29-un Azərbaycan sədrliyinin bununla əlaqədar 15 noyabrda xüsusi Sülh Yardım və Bərpa Günü keçirdiyini bildirən səfir, mövzu ilə əlaqədar Bakı Çağırışının qəbul edilməsinin əhəmiyyətini vurğuladı.
“Əvvəlki COP-larda da iqlim-sülh qovşağı müzakirə olunsa da, məhz COP29-da vacib təşəbbüsləri bir araya gətirən Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi, həm iqlim fəaliyyətinin, həm də beynəlxalq sülhün irəliləməsi sahəsində beynəlxalq aləmin Azərbaycana göstərdiyi etimadın nümunəsidir. Bu Mərkəz, ümumi əhalisinin sayı 450 milyondan artıq olan, iqlim böhranı və münaqişələrin dağıdıcı nəticələrinə məruz qalan xüsusilə həssas ölkələrə beynəlxalq dəstək və yardımın göstərilməsində aparıcı rol oynayacaq” – deyə İskəndərov bildirib. O, Bakı Mərkəzinin artıq bir sıra BMT institutları və beynəlxalq yardım qurumları ilə əməkdaşlıq haqqında razılıqlar əldə etdiyini qeyd edib: “Bütün bu nəticələr COP29-un, sözün tam mənasında, “Sülh COP”u kimi tarixdə qalacağını deməyə əsas verir.”
Qeyd edək ki, COP29-da yaradılmış Bakı İqlim və Sülh Mərkəzində Azərbaycan, İngiltərə, Almaniya, İtaliya, Misir, BƏƏ və Uqanda ilə əməkdaşlıq edir. COP29-da qəbul edilmiş Bakı İqlim və Sülh Çagırışına əsasən, Mərkəzin daimi katibliyi Azərbaycanın ev sahibliyi ilə Bakıda fəaliyyət göstərəcək.