AZ

Danimarkalı jurnalistlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı məqalələr hazırlayacaqlar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Danimarkanın “Seismo” media qurumunun jurnalistləri John Nielsen Nuovo Praestegaard və Julius Christiansenlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşün məqsədi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, postmünaqişə dövrü və keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı hazırlanacaq məqalələr üçün müsahibənin alınmasıdır.

Komitə sədri qonaqlara Ermənistanın deportasiya və işğalçılıq siyasəti, onun tarixi kökləri, bu siyasətin səbəb olduğu qaçqın və məcburi köçkün problemi, nəticədə soydaşlarımızın məruz qaldığı məhrumiyyətlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, bir qrupu isə çadır şəhərciklərində çətin və ağır şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir standartlara cavab verən yaşayış kompleksləri tikilib-istifadəyə verilib. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər var. Hər bir məcburi köçkün dövlətin maddi rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə kimi sosial xidmətləri özündə əks etdirən güzəşt və imtiyazlarından yararlanır.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Buna baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olur. Jurnalistlər səmimi söhbətə görə təşəkkür edib, səfərin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıblar.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Seçilən
58
ikisahil.az

1Mənbələr