AZ

Xəzərin dayazlaşması gəmilərə ciddi əngəl yaradır

Orta dəhlizin əsas keçidinin üzləşdiyi ekoloji problem getdikcə daha da ciddiləşir

Aşqabadda dünyanın müxtəlif ölkələrindən olan 600-dən çox iştirakçı Avropa və Asiya arasında nəqliyyat əlaqəsini və bu layihədə Türkmənistanın rolunu müzakirə ediblər. Bu barədə “Nezavisimaya qazeta” yazıb. Bildirilir ki, əsas diqqəti Avrasiya regionunun nəqliyyat potensialının inkişafına yönəldib, Türkmənistandan keçən Orta dəhlizin əhəmiyyətini vurğulayıb. Bu marşrut dəniz nəqliyyatına daha sürətli alternativ və hava nəqliyyatını sərfəli əvəz kimi əsasdır.

Xəzər

Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov “NG”ya bildirib ki, Orta dəhlizin əsas keçidi Transxəzər marşrutlarıdır. Amma Aytakovun fikrincə, indi bu layihələrdə əsas risk Xəzər dənizinin səviyyəsinin fəlakətli şəkildə enməsidir. “İş o yerə çatıb ki, Türkmənistan hakimiyyəti son bir neçə ildə Türkmənbaşı körfəzinin (keçmiş Krasnovodsk) akvatoriyasının girişindən başlayaraq tələb olunan dərinlikdə gəmiçilik yollarının yaradılması və saxlanması üçün mütəmadi olaraq dərinləşdirmə işləri aparır. O, sırf bu məqsədlər üçün təcili olaraq dredderlər alır. Körfəzdə manevr etmək üçün gəmilər öz çəkilərini (yəni daşıma qabiliyyətini - ”NG") yarıya endirmək məcburiyyətindədir. Məsələ təkcə dəniz səviyyəsinin aşağı düşməsində deyil, həm də buxta torpağının təbii xüsusiyyətlərindədir ki, bu da yolların dərinliyini məqbul səviyyədə saxlamaq prosesini sabit və sonsuz edir. Bu amil də Türkmənbaşı limanı vasitəsilə transxəzər marşrutu üzrə daşımaların qiymətinə təsir edir və Xəzər dənizinin səviyyəsi o həddə qalxmağa və ya azalmağa başlayana qədər təsir edəcək ki, limanın sonrakı fəaliyyəti qeyri-mümkün olacaq", - deyə Aytakov aydınlaşdırıb.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi bu yaxınlarda Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində səsləndirilib - bu, bir neçə onilliklər ərzində (orta hesabla 250-dən 200 mm-ə qədər) onun su hövzələrində yağıntıların obyektiv azalmasıdır. Bu, həm də bütün iqlim faktorları ilə bağlıdır və bu proses davam edəcək. 2011-ci ildən 2023-cü ilə qədər Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə 1,74 m, son 3 ildə 55 sm, 2024-cü ildə isə (iyul ayı üzrə məlumatlar) daha 15 sm aşağı düşüb.

Aytakovun qeyd etdiyi kimi, Qazaxıstan və Azərbaycan hidrometeoroloqlarının Xəzər dənizinin səviyyəsinə dair müşahidə məlumatları fərqlidir ki, bu da müxtəlif hidroloji rejimlər və Xəzər dənizinin səviyyəsindəki mövsümi tərəddüdlərlə əlaqədardır, lakin hər kəs onun səviyyəsinin aşağı enməsinin davam etdiyini bildirir. Kritik səviyyədən aşağı enmə, yəni əvvəllər elmi olaraq artıq qeydə alınıb.

Xəzərin səviyyəsinin getdikcə azalması artıq 20-30 ildir ki, ciddi şəkildə müşahidə olunur. Mütəxəssislər bildirir ki, bunun əsas  səbəblərindən biri qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalmasıdır. Belə ki, suyun səviyyəsinin dəyişməsi əsasən onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. 

Xəzər dənizinin su balansının 4/5 hissəsini çay axıntıları təşkil edir. 130-dan çox çay Xəzərə axır və onların 9-nun mənsəbi delta xarakterlidir. Bu çaylara misal olaraq Astaraçay, Viləşçay, Volqa, Qaraçay, Kür, Samur, Ural və digərlərini göstərmək olar. Volqa Xəzərə axan ən böyük çay olmaqla su balansının dənizə səth axınının ümumi həcminin 82 faizini təşkil edir. Artıq bir müddətdir ki, Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axarında da azalma müşahidə edilir. 

Xəzəri qidalandıran əsas su hövzələrindən biri də Kür və Araz çayıdır, hansı ki, son zamanlar bu çayların suyunda da azalma hiss olunur. Başlıca səbəblərdən biri də trans-sərhəd su götürmələrinin artmasıdır. Yəni Türkiyədə, Gürcüstanda, İranda Araz və Kür çaylarından daha çox su götürülür. Bu da çaylarda suyun azalmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizində suyun ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. 1977-1995-ci illər ərzində 2,5 metr artıb və növbəti illərdə yenidən azalma müşahidə olunub. Sonra 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir. 

Beləliklə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəinki ciddi ekoloji, həm də ciddi iqtisadi problemlər yaradır, regiondakı iri nəqliyyat layihələrinə, xüsusilə də Transxəzər marşrutlarına təsir edir, Azərbaycanın da daxil olduğu Orta dəhliz vasitəsilə yüş daşımalarını çətinləşdirir.

Rövşən

 Rövşən Abbasov

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a danışıb: “Baxmayaraq ki, Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi proqnozlar mövcuddur və səviyyənin 33 metrə qədər enə biləcəyi deyilir, bu günə qədər təqdim olunan bir çox elmi proqnozlar özünü doğrultmayıb. Buna görə də Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı konkret fikir bildirmək çətindir. Həm səviyyənin enməsi, həm də qalxması halına hazırlıq tədbirləri görülməlidir.

Hazırda gəmiçilik, nəqliyyat sektoru və balıqçılıq sahəsində bir sıra problemlər müşahidə olunmaqdadır. Bu problemlər mütləq şəkildə nəzərə alınmalı və gələcək inkişaf planlarına daxil edilməlidir. Qeyd etmək lazımdır ki, bu sahələrdə müəyyən tədbirlər artıq görülür. Məsələn, gəmiçilik sektorunda dib dərinləşdirmə işləri mütəmadi olaraq həyata keçirilir və yaxın illər üçün fəaliyyət planları hazırlanır.

Xatırladım ki, hazırda BMT-nin İnkişaf Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən milli adaptasiya proqramına dəstək layihəsi mövcuddur. Bu layihə çərçivəsində Xəzər dənizinin səviyyəsinin dəyişməsinə uyğunlaşma tədbirləri nəzərdə tutulub. COP29 zamanı Azərbaycan özünün milli adaptasiya proqramını təqdim etdi. Bu proqram BMT-nin dəstəyi ilə hazırlanıb və burada sahil idarəetməsi də öz əksini tapıb. Lakin bu proqramın daha ətraflı və detallı işlənməsinə ehtiyac var"

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
43
4
musavat.com

10Mənbələr