AZ

Ukrayna tükənir: Kiyevin aqibəti necə olacaq? (ŞƏRH)

“Ukrayna artıq tükənib”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya ilə 34 aya yaxın davam edən müharibədə Ukaynanın vəziyyətini şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, Rusiya ilə müharibədə Ukraynanın gücü əhəmiyyətli dərəcədə tükənib. Ukraynada nəinki təkcə hərbi sursat problemi var, bununla paralel olaraq ordunun canlı qüvvə sarıdan təmin edilməsində də problemlər yaşanır:
“Ona görə də artıq ölkədə çağırış yaşının aşağı, hətta 17 yaşa qədər salınması məsələsi müzakirə edilir. Bunu hətta Qərb də Kiyevdən tələb edir. Yəni onlar canlı qüvvənin Kiyev tərəfindən təmin edilməsini tələb edirlər. Əvəzində Ukraynanı hərbi texnika ilə təmin edəcəklərinə söz verirlər. Bu mənada, Ukraynanın tükəndiyi başa düşüləndir. Ölkə 3 ilə yaxındır müharibə aparır. Ukraynanın yarısı dağılıb, enerji strukturu bərbad gündədir, daxili resursları çox məhduddur, istehsal dağıdılıb. Ona görə də Ukraynanın vəziyyətini başa düşmək olar”.
Ekspert qeyd edir ki, Kiyevin gələcək taleyi xeyli dərəcədə ABŞ-ın yeni prezidentinin mövqeyindən asılı olacaq:
“Qərbin sonradan prosesdə necə iştirak edəcəyi, Ukraynanın istədiyi hərbi sursatı verib-verməyəcəyi isə siyasi qərardan asılıdır. Xeyli dərəcədə də Trampın mövqeyindən asılı olacaq. O, qeyri-rəsmi də olsa Ukrayna ilə bağlı yekun planını açıqlayıb. Həmin plan heç də Kiyevin istəklərinə uyğun gəlmir”.
Qeyd edək ki, 3 ilə yaxındır davam edən müharibə Ukraynanı xeyli dərəcədə yorub. “The Wall Street Journal”a (WSJ) ukraynalı mənbəyə istinadən bildirir ki, Kiyev 2025-ci ildə müharibəni davam etdirmək üçün 126 milyard dollar istəyir. Halbuki, Qərb NATO-nun 9-11 iyuldakı Vaşinqton sammitində gələn il üçün Ukraynaya 43,3 milyard dollar yardım ayırmaq qərarına gəlib.
Başqa bir tərəfdən, ABŞ-ın yeni prezidenti Donald Tramp müharibəni donduracağına söz verməklə yanaşı, Kiyevə dəstək göstərilməsini də öz boynundan atıb, Avropa İttifaqının üzərinə qoymaq istəyir. Digər tərəfdən, Ukrayna əhalisinin də müharibədən yorulduğu hiss olunur.
“Gallup”un son sorğusuna görə, Ukrayna sakinləri artıq üçüncü ildir ki, müharibədən yorğunluq hiss edirlər. Rusiya tərəfindən işğal olunmayan ərazilərdə əhalinin yarıdan çoxu (52%) hərbi əməliyyatların “mümkün qədər tez” başa çatması üçün danışıqların başlanmasını dəstəkləyir. 2023-cü ildə belə düşünən Ukrayna vətəndaşlarının sayı 27% olub.
Seçilən
2
1
moderator.az

2Mənbələr